ÜST-nin fövqəladə hallar komitəsinin növbəti iclasının vaxtı qabağa çəkilib
Cenevrə, 14 yanvar, AZƏRTAC
Koronavirusun daha yoluxucu variantlarının sürətlə yayılmasını nəzərə alaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar komitəsinin yanvar ayının sonunda baş tutmalı olan növbəti iclasının vaxtı iki həftə qabağa çəkilib.
AZƏRTAC xəbər verir ki, komitənin üzvləri bu gün Cenevrədə aktual inkişafı müzakirə etmək üçün ilk iclasa toplaşacaqlar. İclasda, həmçinin səyahətlərlə bağlı peyvənd sertifikatları və koronavirus testləri də müzakirəyə çıxarılacaq.
Qeyd edilməlidir ki, bu, komitənin 22 yanvar 2020-ci ildən bəri sayca altıncı iclasıdır. Komitənin iclaslarının yekununda ekspertlər ÜST və onun üzv dövlətləri üçün tövsiyələrini açıqlayacaqlar.
Koronavirusun indiyədək aşkarlanan iki yeni ştammına (ilk dəfə Böyük Britaniya və Cənubi Afrika Respublikalarında rast gəlinən variantlar) yoluxma halları artıq 50-dən çox ölkədə müəyyən edilib. Bundan başqa isə Yaponiya beynəlxalq quruma mənşəyi Amazon hövzəsinə aid olan yeni mutasiya barədə məlumat verib. Hazırda bu yeni variant üzərində də araşdırma aparılır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə