ÜST Qırğızıstanda uşaq onkologiyası və teletibbin inkişafına kömək edəcək
Bakı, 21 iyul, AZƏRTAC
İyulun 20-də Qırğızıstanın səhiyyə naziri Damir Osmanov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşüb.
AZƏRTAC “Kabar” agentliyinə istinadla xəbər verir ki, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının yol hərəkəti təhlükəsizliyi məsələləri üzrə yüksəksəviyyəli görüşü çərçivəsində baş tutub.
Damir Osmanov Qırğızıstana uzun illər ərzində verdiyi dəstəyə görə təşkilata minnətdarlığını bildirib və respublikanın əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu vurğulayıb. O, yol-nəqliyyat qəzaları qurbanlarına tibbi yardım göstərilməsi sisteminin hazırlanması, səhiyyə xidmətinin dayanıqlığının artırılması, ilkin tibbi-sanitariya xidmətinin təkmilləşdirilməsi, sahənin rəqəmsallaşdırılması və uşaq onkologiya xidmətlərinin inkişaf etdirilməsi də daxil olmaqla əsas əməkdaşlıq sahələrini qeyd edib.
Nazir Qırğızıstanın ixtisaslaşmış tibb müəssisəsinin ÜST-nin uşaq xərçəngi ilə mübarizə üzrə Qlobal Platformasına daxil edilməsi məsələsinə xüsusi diqqət yetirib. O, həmçinin təşkilatın Baş direktorunu teletibbin tətbiqi də daxil olmaqla, səhiyyənin rəqəmsallaşdırılması layihələrinin həyata keçirilməsi barədə məlumatlandırıb.
Tedros Adhanom Qebreyesus ÜST-nin Qırğızıstana milli səhiyyə sisteminin gücləndirilməsində, o cümlədən ilkin tibbi-sanitariya xidmətinin inkişafında bundan sonra da dəstək göstərməyə hazır olduğunu təsdiqləyib. O, həmçinin respublikanın ÜST-nin uşaq xərçəngi ilə mübarizə üzrə Qlobal Platformasına qoşulmaq təşəbbüsünü alqışlayıb və təşkilatın onun həyata keçirilməsində lazımi köməyi göstərəcəyinə əmin edib.
Rəqəmsal səhiyyədən danışan ÜST-nin Baş direktoru Qırğızıstan Səhiyyə Nazirliyinin bu sahədə əməkdaşlığı daha da inkişaf etdirmək üçün təşkilatın xüsusi əlaqələndiricisi ilə birlikdə çalışacağını bildirib.
Görüşün sonunda Damir Osmanov Tedros Adhanom Qebreyesusu ölkədə səhiyyə sahəsində davam edən islahatlar ilə tanış olmaq üçün Qırğızıstana səfər etməyə dəvət edib.