Vahid Mustafayev: Milli Qurtuluş Günü ilə bağlı təşkil olunmuş motoyürüş uğurla başa çatmışdır
Bakı, 23 iyun (AZƏRTAC, Səxavət Quliyev). Milli Qurtuluş Günü ilə bağlı təşkil olunmuş motoyürüşün məqsədi keçdiyimiz səkkiz Avropa ölkəsində Azərbaycanı tanıtmaq olmuşdur. Heydər Əliyev Fondundan aldığımız kitabları və bröşürləri həmin ölkələrdə payladıq və Azərbaycanı təbliğ etdik.
Bu sözləri ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev “Azərbaycanı Avropada tanıdaq!” devizi altında keçirilmiş motoyürüş iştirakçılarının iyunun 23-də Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov ilə görüşdən sonra AZƏRTAC-a müsahibəsində demişdir. O bildirmişdir ki, biz məqsədimizə nail ola bildik. Keçdiyimiz ölkələrdən dördündə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə əklil qoyduq. Həmçinin yerli əhali və gənclər təşkilatlarının nümayəndələri ilə görüşlərimiz oldu. Görüşlərdə ölkəmizdəki inkişaf haqqında məlumat verdik. Çox sevindirici haldır ki, keçdiyimiz ölkələrdə əhali Azərbaycan haqqında məlumatlıdır. Ölkəmizdəki inkişafa bələd olduqlarını bildirən əcnəbilər artıq azərbaycanlıların motosikletlə uzaq məsafəni qət etmələrini heyranlıqla qarşılaşmışlar.
Çətinliklərə baxmayaraq, yürüşün uğurla başa çatdığını bildirən Vahid Mustafayev demişdir ki, bu gün Azərbaycan gəncləri bu cür aksiyaların təşkilinə qadirdir, öz millətini və xalqını təbliğ etməyə hazırdır. Ali Baş Komandanın əmri ilə yeddi deyil, yüz minlərlə azərbaycanlı öz Vətənini qorumaq üçün birgə yürüş etməyə hazırdır.
Motosikletlə 10 gün səfər etdiklərini bildirən V.Mustafayev görüşlərin təşkilinə və ölkəmizin təbliğinə dörd gün sərf etdiklərini diqqətə çatdırmışdır.