Vaşinqton Hüquq Kollecinin professorları ilə hüquq təhsili bərəsində müzakirə aparılıb
Bakı, 19 may, AZƏRTAC
ABŞ-ın nüfuzlu universitetlərindən olan Amerika Universitetinin Vaşinqton Hüquq Kollecinin “Beynəlxalq Hüquq Araşdırmaları Proqramı”nın rəhbəri (ILSP), professor Padideh Alai və universitetin “Xarici və Beynəlxalq Proqramlar”nın rəhbəri, professor Melanija Radnovic Vəkillər Kollegiyasında olublar.
Bu barədə AZƏRTAC-a Vəkillər Kollegiyasının mətbuat xidmətindən məlumat verilib.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov son illərdə vəkillik sahəsində görülmüş işlərdən, xüsusilə ölkədə hüquq fakültəsinin fəaliyyət göstərdiyi bütün ali təhsil müəssisələri ilə imzalanmış əməkdaşlıq memorandumlarından, bu çərçivədə birgə icra edilmiş layihələrdən, tələbələrə və gənclər təşkilatlarına yaradılan şəraitdən danışıb. Kollegiyanın müxtəlif yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığı barəsində ətraflı məlumat verib.
A.Bağırov Amerika Hüquq Məktəbi ilə Vəkillər Kollegiyası arasında imzalanmış sazişə əsasən əldə olunmuş xüsusi güzəştləri qeyd edib və bu əlaqələrin davam etdirilməsinin zəruriliyi barədə fikirlərini bölüşüb.
Eyni zamanda, qeyd olunan istiqamətlərdə görülən işlər barədə təqdimat keçirilərək təfərrüatlı məlumat qonaqların diqqətinə çatdırılıb.
Sonra ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov səfərin məqsədi və bu görüşün əhəmiyyəti barədə ətraflı məlumat verib.
Bu çərçivədə ölkəmizdə ali təhsil müəssisələrində hüquq təhsili, tədris zamanı rast gəlinən problemlər, mövcud problemlərin hüquqi elmi-nəzəri və praktiki cəhətdən həll olunması, yüksək ixtisaslı hüquqşünas kadrların hazırlanması, hüquq elmi və təhsilini aparan alimlərin və dərs vəsaitlərinin çatışmazlığı, fakültələrin özünün ayrıca ixtisaslaşdırılmış kitabxanalarının yaradılması, resursların sayının artırılması, keyfiyyətli tərcümələrin həyata keçirilməsi, müxtəlif dillərdə hüquq ədəbiyyatlarının nəinki tədrislə bağlı, eyni zamanda, elmi tədqiqatlar səviyyəsində də artırılması istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin ADA Universitetinin professor-müəllim heyətində təmsil olunan vəkillər, habelə, Vəkillər Kollegiyasının qurumlarının nümayəndələri iştirak edib, mövcud problemlər və bu istiqamətdə çoxsaylı təkliflər səsləndirilib.