QAN YADDAŞI
Vaşinqtonda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Vaşinqton, 22 yanvar (AZƏRTAC). Azərbaycanın ABŞ-dakı səfirliyində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.
Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov mərasimdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qalxmış xalqımıza qarşı sovet hakimiyyəti tərəfindən törədilmiş qətliam barədə məlumat vermişdir. O qanlı Yanvar faciəsinin həm də sovet imperiyasının süqutu, milli mənəvi dirçəlişimiz və xalqımızın Azərbaycanın müstəqilliyinə artan inamı baxımından bir dönüş nöqtəsi olduğunu bildirmişdir. Səfir ümummilli lider Heydər Əliyevin həmin taleyüklü dövrdə Vətənimiz üçün göstərdiyi liderlik, sarsılmaz iradə və əzmkarlıqdan bəhs etmiş və Ulu Öndərin 1990-cı il yanvarın 21-də Moskvada səsləndirdiyi tarixi bəyanatın Azərbaycan xalqına mənəvi dəstək olduğunu vurğulamışdır.
Hayfa Universitetinin professoru və Vaşinqtondakı Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun tədqiqatçısı Avinoam İdan 1990-cı ildə İsrailin Moskvadakı səfirliyində diplomat kimi çalışdığını, Bakıda baş vermiş qanlı hadisələr haqqında xəbər tutduqdan dərhal sonra Azərbaycana səfər etdiyini və xalqımızın 20 Yanvarla bağlı yaşadığı matəmin şahidi olduğunu söyləmişdir. O, matəm günlərində Azərbaycan xalqının dini və etnik mənsubiyyətindən asılı olmayaraq birlik və dözümlülük nümayiş etdirdiyini vurğulamış, 20 Yanvar hadisələrinin Azərbaycanı müstəqilliyə aparan sonrakı proseslərə göstərdiyi birbaşa təsir haqqında fikirlərini bölüşmüşdür.
Mərasim iştirakçıları 1990-cı il yanvarın 20-də Bakının küçə və meydanlarında lentə alınmış fotoşəkillərə baxmışlar.
Tədbirdə, həmçinin Vudro Uilson adına Elmi Tədqiqat Mərkəzinin “Avropanın enerji təhlükəsizliyi təşəbbüsləri” proqramının yanvarın 17-də Əfqanıstanda qətlə yetirilmiş böyük elmi məsləhətçisi, Azərbaycanın dostu Aleksandros Petersenin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton