VATİKAN BÖYÜK BRİTANİYANI ÖZ SUVERENLİYİNƏ SUİ-QƏSDDƏ TƏQSİRLƏNDİRİR
Belə bəyanatların verilməsinə Böyük Britaniyanın Vatikandakı səfirliyini Britaniyanın Romadakı diplomatik nümayəndəliyinin ərazisinə köçürmək haqqında qərarı səbəb olmuşdur. Vatikan diplomatları hesab edirlər ki, bu nümunə Roma Papası iqamətgahının statusunu müəyyənləşdirən “Lateran sazişləri”ni təhlükə qarşısında qoyur.
Diplomatlar bildirirlər ki, 1929-cu ildə qəbul edilən “Lateran sazişləri”ndə dəqiq göstərilir ki, Vatikan suveren statusa malikdir və onunla diplomatik münasibətlər saxlayan dövlətlər öz nümayəndəliklərini məhz Vatikan ərazisində yerləşdirirlər.
Böyük Britaniyanın Vatikandakı nümayəndəliyi üçün malikanənin icarəsi hər ay 10 min avroya başa gəlir, buraya mühafizəçilərin və xidmətçilərin əmək haqqına çəkilən xərclər daxil deyildir. Xərcləri azaltmaq üçün Britaniya XİN qərara gəlmişdir ki, Vatikandakı səfirin rəsmi iqamətgahı Böyük Britaniyanın Romadakı səfirinin binasında yerləşməlidir.
Hazırda 174 ölkə Vatikanla diplomatik münasibətlər saxlayır, onlardan 68-nin Papa iqamətgahının ərazisində daimi nümayəndəlikləri vardır. Vatikan diplomatları bundan ehtiyatlanırlar ki, digər ölkələr də Böyük Britaniyadan nümunə götürərək, diplomatik nümayəndəliklər üçün bina icarəsi xərclərini azaldacaq və bu, şəhər-dövləti xeyli məbləğdə büdcə mədaxilindən məhrum edəcəkdir.