VƏKİL OLMAQ İSTƏYƏNLƏRİN ŞANSI İNDİ DAHA ÇOXDUR
Xəbər verildiyi kimi, Vəkillər Kollegiyasına üzv qəbul olunmaq istəyən namizədlərlə martın 4-də test imtahanı keçiriləcəkdir. AZƏRTAC-ın müxbirinin bununla əlaqədar sualına Azərbaycan Respublikası Vəkillər Kollegiyası rəyasət heyətinin sədri Azər Tağıyev cavab verir.
- Azər müəllim, Vəkillər Kollegiyasına üzvlüyə qəbul ictimaiyyətin diqqət mərkəzində olan məsələdir. Belə fikir söylənilir ki, Azərbaycanda vəkillərin sayı lazım olduğundan xeyli azdır. Bu problemin həlli üçün hansı tədbirlər görülür?
- Bildiyiniz kimi, ədalət mühakiməsinin həyata keçirilməsində vəkillik institutu mühüm rola malikdir. Ona görə də, ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları çərçivəsində qanunvericiliyə uyğun olaraq, Vəkillər Kollegiyasına uzvlüyə qəbul beynəlxalq standartlara müvafiq şəkildə test üsulu ilə aparılır. Hazırda Azərbaycanda 542 vəkil fəaliyyət göstərir. Əlbəttə, bu, azdır. Onların sayının artırılması üçün tədbirlər görülür. Bu məqsədlə 2005-ci ildə vəkillərin seçimi prosesi zamanı test və müsahibədən uğurla keçmiş 120-dən çox şəxs Vəkillər Kollegiyasına üzv qəbul edilmiş, habelə pullu hüquqi xidmət göstərmək üçün xüsusi razılığı (lisenziyası) olan şəxslərin ixtisas imtahanı vermədən yeni Vəkillər Kollegiyasına üzv olmaq hüququ tanınmış, nəticədə vəkillərin sayı 2 dəfəyə yaxın artmışdır. Bununla yanaşı, dövlət tərəfindən vəkillik təsisatının gücləndirilməsinə xüsusi diqqət yetirilərək, onun maddi-texniki təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması üzrə tədbirlərin görülməsi, bina və nəqliyyat vasitələri ilə təmin olunması, həmçinin vəkillərin xüsusi geyim formasının hazırlanmasına vəsait ayrılmasına dair ölkəmizin Prezidenti xüsusi Sərəncam imzalamışdır.
Vəkillərin cəmiyyətdə rolunun artırılması məqsədi ilə Vəkillər Kollegiyası nümayəndələrinin Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində təmsil olunması qanunvericiliklə təsbit edilmişdir. Eyni zamanda, dövlətimizin başçısının məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı 2006-cı il 19 yanvar tarixli Fərmanında vəkillərin sayının, eləcə də regionlarda əhaliyə göstərilən hüquqi yardımın səmərəliliyinin artırılması üzrə tədbirlərin görülməsi nəzərdə tutulur. Bu da vəkillik fəaliyyətinin inkişafının stimullaşdırılmasına, həmin peşənin rolunun daha da gücləndirilməsinə və onun nüfuzunun artırılmasına xidmət edir.
Vəkillərin sayının artırılmasında Kollegiya üzvlüyünə seçimin şəffaflığı və obyektivliyi, bu prosesin mükəmməlliyi ən vacib şərtlərdəndir. Məlum olduğu kimi, 2005-ci ildə keçirilən imtahanlar zamanı müəyyən narazılıqlar olmuşdu. Məsələn, ərizələrin qəbulu üçün qoyulan vaxt kifayət qədər deyildi. Bu da digər problemlərlə yanaşı, xarici diplom sahibləri olan ərizəçilərin diplomlarının yerli orqanlar tərəfindən tanınmasında çətinliklər yaratmışdı.
Ötən təcrübə nəzərə alınaraq, bu dəfə sənədlərin qəbulu və imtahanla bağlı namizədlər üçün maksimum əlverişli şərait yaradılıb. Müxtəlif kütləvi informasiya vasitələrində verilmiş elana uyğun olaraq, 7 ay ərzində namizədlərin sənədləri qəbul edilib. Xatırladım ki, 2005-ci ildə keçirilən seçim zamanı sənəd qəbulu 1 aydan az davam etmiş və 359 şəxs sənəd vermişdi. Bu dəfə isə, sənəd qəbulu 2006-cı il mayın 1-dən dekabrın 1-dək aparılıb və nəticədə 442 nəfər sənəd təqdim edib. Əvvəlki seçimlə müqayisədə namizədlərin sayının xeyli çox olması bir tərəfdən vəkillik peşəsinin nüfuzunun artmasını, digər tərəfdən isə, imtahanların obyektivliyinə inamın daha da güclənməsini əyani şəkildə sübut edir. Həmçinin vaxt kifayət qədər olduğu üçün xarici diplomların yerli orqanlar tərəfindən tanınması ilə bağlı problem yaranmayıb.
Bu dəfə imtahan prosedurlarına yenidən baxılıb. Məsələn, suallar əhəmiyyətli dərəcədə sadələşdirilib. Test imtahanında 100 sualdan 50 bal toplayan namizəd müvəffəqiyyət qazanır. Əvvəlki seçim zamanı test imtahanında uğur qazanmış 144 namizədin tam əksəriyyəti - 120-si şifahi mərhələdən də keçmişdi. İnanırıq ki, bu dəfə də həmin göstərici yüksək olacaqdır.
Martın 4-də test imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Azərbaycan Beynəlxalq Universtitetinin binasında keçiriləcəkdir. Namizədlər saat 9.30-dan gec olmayaraq gəlməlidirlər. Namizədlərin rahatlığı üçün hər cür şərait yaradılacaqdır. İmtahanın tam şəffaf, müasir tələblərə uyğun keçirilməsi üçün geniş təşkilati tədbirlər görülür. 3 saat davam edəcək imtahanda bütün proseslərin şəffaflığı təmin olunacaqdır. Tədbirə 30-a yaxın yerli və beynəlxalq təşkilatdan müşahidəçilər, bütün televiziya kanalları və digər kütləvi informasiya vasitələrini dəvət etmişik.
Tam əminliklə deyə bilərəm ki, hazırda vəkil olmaq istəyənlər üçün ən əlverişli şərait və geniş imkanlar yaradılıb. Bu da, şübhəsiz ki, ölkəmizdə vəkillərin sayının ciddi şəkildə çoxalmasına, nəticədə ədalət mühakiməsinin səmərəliliyinin artmasına və vətəndaşlara göstərilən hüquqi yardımın yaxşılaşdırılmasına kömək edəcəkdir.
Naxçıvan Muxtar Respublikasından müraciət etmiş şəxslər istisna olmaqla (onlara imtahana buraxılış vərəqəsi Naxçıvan şəhərində təqdim ediləcəkdir), digər namizədlər “İmtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası” almaq üçün martın 3-dək Vəkillər Kollegiyasının rəyasət heyətinə müraciət etməlidirlər (ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi, 32, tel; 494-14-95, 494-08-70).
Fürsətdən istifadə edərək, martın 4-də test imtahanı verəcək vəkilliyə namizədlərin hamısına uğurlar arzulayıram.