VERGİLƏR NAZİRLİYİ NƏZARƏT TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR
Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, bu zaman nəzarət-kassa aparatlarından istifadə edilməsi, habelə vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və sair məsələlər üzrə nəzarət tədbirləri davam etdirilir.
Avqustun 14-dən 17-dək keçirilmiş operativ nəzarət tədbirləri zamanı 1940 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilərək müvafiq tədbirlər görülmüşdür. Bu zaman 978 vergi ödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 128-də valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi faktları aşkar olunmuşdur. Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 257 vergi ödəyicisi aşkar edilmiş, 316 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşgul olması faktları müəyyən edilmişdir.
Vergi orqanlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri zamanı 84 vergi ödəyicisində 93 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 58 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 91 şəxs tərəfindən valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılması faktları aşkar olunmuşdur.
Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədi ilə keçirilən tədbirlər zamanı isə 28 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 495,3 manat dəyərində mallar aşkar edilmişdir.
Operativ nəzarət tədbirləri davam etdirilir.