Vətən müharibəsi zamanı Şəki sakinləri arxa cəbhədə də xüsusi fəallıq göstəriblər
Şəki, 25 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsi zamanı arxa cəbhədə xüsusi fəallıq göstərən bir qrup Şəki sakini şəhər icra hakimiyyəti tərəfindən fəxri fərmanla mükafatlandırılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıb. Bildirilib ki, bu tarixi Zəfər dövlətimizin başçısının düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində, şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına əldə olunub. Ərazi bütövlüyümüz uğrunda başlanan savaşda Şəkinin qəhrəman oğulları da rəşadətlə vuruşub, şəhid olublar. Döyüşlərdə Şəkinin 56 igid oğlu şəhidlik zirvəsinə ucalıb, bir nəfər itkin düşüb. Müharibə dövründə Şəki sakinləri arxa cəbhədə də yüksək vətənpərvərlik nümunələri göstərib, şanlı Qələbənin qazanılmasına öz töhfələrini veriblər.
Sonra arxa cəbhədə fəallıq göstərən bir qrup şəhər sakininə fəxri fərmanlar təqdim olunub.