CƏMİYYƏT
Vətən müharibəsində Ordumuzun qazandığı Zəfər artıq siyasi və hüquqi baxımdan təsdiqlənir – Şərh
Bakı, 18 may, AZƏRTAC
Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ - Azərbaycandır” ifadəsi 86,6 min kvadrat-kilometrlik ərazimizin tanıması ilə həyata keçirilib. Lakin 2022-ci ilin sentyabrın 12-si ermənilərin törətdiyi terror hadisəsinin və Azərbaycan ərazilərində hakim yüksəklikləri əldə etməyə çalışmalarının qarşısının alınması sülh danışıqları prosesini tezləşdirdi. Ermənistanın baş naziri Nikol Paşinyan İslandiyada keçirilən Avropa Şurası sammitində bəyan edib ki, Ermənistan Azərbaycanın 86,6 min kvadrat-kilometrlik ərazi bütövlüyünü, Bakı isə öz növbəsində Ermənistanın 29,8 min kvadrat-kilometrlik ərazi bütövlüyünü tanıyır. Paşinyan bu bəyanatla faktiki olaraq “Qarabağ - Azərbaycandır!” deyir. Çünki ölkəmizin 86,6 min kvadrat-kilometr ərazisinə təbii olaraq Qarabağ da daxildir. 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun qazandığı Zəfərin artıq siyasi və hüquqi baxımdan təsdiqlənməsi - Ermənistan rəhbərliyinin faktiki olaraq Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi və Qarabağ da daxil olmaqla ərazi bütövlüyümüzü tanıması Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasətinin nəticəsidir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Həmvətənlərə Dəstək İctimai Birliyinin təsisçisi, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn deyib.
O xatırladıb ki, Prezident İlham Əliyevin komanda birliklərinin açılışının etməsi, Azərbaycan Ordusunun yeni modern silahlarla təmin edilməsi, ordu qruplaşmalarının, bölmələrinin hissələrinin yenidən təkmilləşdirilməsi, ölkəmizin hərbi təhsilini Türkiyə-Azərbaycan əməkdaşlığını, ümumiyyətlə, geosiyasi proseslər fonunda Azərbaycanın Şərqi Avropanın enerji təhlükəsizliyini təmin etməsi Paşinyanın sülh müqaviləsini imzalamaqdan başqa çıxış yolu qoymaması ilə nəticələnib.
Hərbi-siyasi ekspertin sözlərinə görə, bir neçə gün əvvəl və bu gün Kəlbəcər, daha sonra Laçın istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən döyüş pilotsuz uçuş aparatının tətbiq edilməsi ilə törədilən təxribatlar heç də sülh danışıqlarının imzalanmasına imkan yaratmayacağını göstərməkdədir.
“Sülh müqaviləsinin imzalanmasının uzadılması regionda geosiyasi vəziyyətin dəyişilməsi, Ermənistanın öz havadarlarının güvənməsinə və onların yalan vəd verməsinə hesablanıb. Bu təxribatları Fransa kimi ölkələr müxtəlif qütblü yalan siyasətləri ilə dəstəkləyir. Ermənistanın Azərbaycanın yaratdığı yeni reallığı qəbul etmək məcburiyyətində qalmasından özünü “ermənidən çox erməni” kimi göstərən, revanşizm ideyaları haqda düşünən qüvvələrə hərbi və siyasi dəstək verərək regionu yeni müharibəyə təhrik edən Fransa və digər ölkələr də nəticə çıxarmalıdırlar, - deyə ehtiyatda olan polkovnik-leytenant vurğulayıb.