Vətən müharibəsinin iştirakçısı olan idman jurnalistləri ilə görüş keçirilib
Bakı, 9 yanvar, AZƏRTAC
Azərbaycan İdman Jurnalistləri Federasiyasında (AİJF) Vətən müharibəsində iştirak etmiş idman jurnalistləri Mehman Əşrəfov (sportal.az), Süleyman Vəliyev (CBC Sport) və Anar Miriyev (“İki sahil” qəzeti) ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AİJF-in prezidenti Qabil Mehdiyev torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda Vətən müharibəsində iştirakın böyük şərəf olduğunu vurğulayaraq idman jurnalistlərinə minnətdarlığını bildirib.
AİJF-in idarə heyətinin üzvləri çıxışlarında görüş iştirakçılarının göstərdikləri əzmkarlığı, şücaəti xüsusi ilə qeyd edib, onlara gələcək həyat yollarında uğurlar arzulayıblar.
Müharibə iştirakçıları şəhid olmuş döyüş yoldaşlarının xatirəsini anıb, zəfər tarixinin bir parçası olmaları ilə qürur duyduqlarını qeyd edib, cəbhə xatirələrini bölüşüblər.
Görüşdə Vətən müharibəsində iştirak etmiş idman jurnalistlərinə AİJF-nin “İdman mediasının fəxri” mükafatı və xatirə hədiyyələri təqdim olunub.