VII AVRASİYA İQTİSADİ ZİRVƏ FORUMU İSTANBULDA ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Beynəlxalq forumun açılış mərasimində toplantı iştirakçılarına Mərmərə Qrupu Vəqfinin fəaliyyəti və indiyə qədər keçirilən Avrasiya iqtisadi zirvə toplantıları haqqında çəkilmiş sənədli film göstərildi. Filmin ümummilli liderimiz, türk dünyasının böyük oğlu, Mərmərə Qrupu Vəqfinin fəxri sədri Heydər Əliyevə həsr olunan hissəsi xüsusi maraq doğurdu.
VII Avrasiya iqtisadi zirvə forumunu giriş sözü ilə Mərmərə Qrupu Vəqfinin sədri, professor Akkan Suver açdı. O, beynəlxalq forum iştirakçılarını salamlayaraq, bu nüfuzlu toplantının regional və beynəlxalq əhəmiyyətindən danışdı. Zəmanəmizin görkəmli siyasi xadimi Heydər Əliyevin belə regional və beynəlxalq iqtisadi əməkdaşlıq təşəbbüslərinə hər zaman böyük önəm verdiyini nəzərə çatdıran natiq ulu öndərimizin xatirəsini dərin hörmət və ehtiramla yad etdi.
Tədbirin iştirakçılarına Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezərin beynəlxalq forumun ünvanına göndərdiyi təbrik məktubu təqdim olundu.
Söz Azərbaycan nümayəndə heyətinin rəhbəri, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova verildi. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin VII Avrasiya iqtisadi zirvə toplantısının iştirakçılarına göndərdiyi təbrik məktubunu oxudu. Prezident İlham Əliyevin məktubu diqqətlə dinlənildi və sürəkli alqışlarla qarşılandı. Əli Həsənov Azərbaycan nümayəndə heyətinin xatirə hədiyyəsini - Bakının mənzərəsini əks etdirən rəsm tablosunu Mərmərə Qrupu Vəqfinin sədri, professor Akkan Suverə təqdim etdi.
Beynəlxalq forumda Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəl, Bolqarıstan Respublikasının keçmiş Prezidenti Jelyu Jelev, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər, sənaye və ticarət naziri Əli Coşqun, maliyyə naziri Kəmal Unakıtan, Azərbaycanın yanacaq və energetika naziri Məcid Kərimov, Makedoniyanın xarici işlər naziri, xanım İlinka Mitreva, İstanbulun valisi Müəmmər Gülər, Türkiyə Sənaye və İş Adamları Birliyinin (TUSİAB) sədri Ömər Sabançı, İstanbul Ticarət Palatasının sədri Məhməd Yıldırım, dost və qardaş ölkənin sənaye və ticarət palatalarının, iqtisadi və ictimai təşkilatlarının rəhbərləri çıxış etmişlər.
VII Avrasiya iqtisadi zirvə forumu öz işini davam etdirir.