ELM VƏ TƏHSİL
“Vikipediya”da türk dünyası ilə bağlı məqalələrin zənginləşdirilməsi davam edir
Bakı, 20 noyabr, AZƏRTAC
“Türk dünyası ağsaqqalları” qəzetinin təşəbbüsü ilə “Türk dünyası “Vikipediya”da” layihəsi uğurla davam edir. Belə ki, “Vikipediya”da türk dünyasına dair məqalələr zənginləşdirilir və yeni-yeni məlumatlar yaradılır. Artıq könüllülər tərəfindən türk dünyasının tarixini, mədəniyyətini, ədəbiyyatını, memarlığını əhatə edən onlarla məqalə “Vikipediya”da yerləşdirilib.
Bu barədə AZƏRTAC-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları“ qəzetinin baş redaktoru Ramin Əhmədov məlumat verib. R.Əhmədov bildirib ki, layihə çərçivəsində balkarlar, malkarukları, balkarların Dirçəliş Günü, Urusbiyevlər, Qaraçay-balkar soyları haqqında “Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələr yaradılıb. Məqsəd türk dünyasını əhatə edən məqalələri elektron resursda zənginləşdirmək və cəmiyyətimiz üçün müvafiq sahədə informasiya bazasını genişləndirməkdir. Gələcək fəaliyyəti davamlı və sistemli şəkildə olacaq.