DÜNYA
Virciniyada Cefferson Devis adına avtomagistraldakı yol nişanlarını söküblər
Vaşinqton, 7 sentyabr, AZƏRTAC
Virciniya ştatının Arlinqton dairəsində Amerika Konfederativ Ştatlarının yeganə prezidenti olmuş Cefferson Devis şərəfinə onun adını daşıyan avtomagistraldakı yol nişanlarını söküblər.
AZƏRTAC xəbər verir ki, Arlinqton dairəsi administrasiyasının rəsmi şəxsləri bütün dairə ərazisindən keçən və “Amerika Konfederativ Ştatları avtomagistralı” adı ilə məşhur olan1 nömrəli trasdakı yol nişanlarını yeni nişanlarla əvəz ediblər. Magistralın adı dəyişdirilərək “Riçmond avtomagistralı” adlandırılıb.
Yol nişanları bir neçə ay bundan əvvəl ştatda nəqliyyatın işini tənzimləyən “Birliyin nəqliyyat komitəsi” təxminən 100 il bundan əvvəl qəbul edilmiş adın dəyişdirilməsi lehinə səs verəndən sonra dəyişdirilib.
Amerikalı hərbi və siyasi xadim Cefferson Devis 1861-1865-ci illərdə ABŞ-da Vətəndaş müharibəsi dövründə Amerika Konfederativ Ştatlarının ilk və yeganə prezidenti olub. İri pambıq plantasiyasının və çoxsaylı qulların sahibi olan Devis quldarlığın tərəfdarı kimi məşhurdur. O, separatizmin əleyhinə çıxış edirdi, lakin ştatların suverenliyi ideyasını dəstəkləyirdi. 1861-ci il fevralın 18-də Amerika Konfederativ Ştatlarının prezident vəzifəsində fəaliyyətə başlamış Devis 1865-ci il mayın 10-da həbs edilənə qədər bu vəzifəni tutub. Sonradan o, dövlətə xəyanətdə ittiham edilib, lakin məhkəmə qarşısında dayanmayıb və iki ildən sonra həbsdən azad edilib.
Avtomagistralın adının dəyişdirilməsinin tərəfdarları hesab edirlər ki, ştat quldarlığın və irqçiliyin tərəfdarlarını tərifləməməlidir. Bu avtomagistral mühüm dövlət obyektlərinin və agentliklərin, o cümlədən Pentaqonun yanından keçir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton