Volter Barone: İspandilli ölkələrdə məhkəmə ən zəif hakimiyyət qoluna çevrilib VİDEO
Bakı, 14 oktyabr, AZƏRTAC
Bu gün ispandilli Amerika Qrupunda məhkəmə hakimiyyəti ilə bağlı müstəqillik və əməkdaşlıq həssas balansın saxlanılmasında çətinliklərlə üzləşir. İspandilli ölkələrdə məhkəmə hakimiyyəti ilə bağlı müşahidə edilən gərginliklər var. Bu dövlətlərin Konstitusiyasında məhkəmə hakimiyyətinin müstəqil qol olduğu qeyd edilir. Nəzəriyyədə üç hakimiyyət qolu ahəngdarlıq əsasında fəaliyyət göstərməlidir. Hər birinin limiti var və buna hörmətlə yanaşılmalıdır. Praktikada ispandilli ölkələrdə məhkəmə hakimiyyəti ən zəif hakimiyyət qoluna çevrilib.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Hakimlər Assosiasiyasının Birinci Vitse-prezidenti və İbero - Amerika Qrupunun Prezidenti Volter Barone Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyası
çərçivəsində "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş “Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.
O bildirib ki, Latın Amerikasında məhkəmə hakimiyyəti icra və qanunverici orqanların təzyiqinə məruz qalır: "Hakimlər, sadəcə, qanunu tətbiq etdiyinə görə hücuma məruz qalırlar. Hakimlər illik danışıqlar aparırlar ki, öz vəsaitlərini əldə edib fəaliyyətlərini icra edə bilsinlər. Hakimlərin təyinatına siyasi təzyiqlərin olması da məhkəmə qərarlarına təsir edir.
Hakimlərin təyin edilməsi siyasiləşdirilir. İspandilli ölkələrdə hakimlər medianın hücumlarına məruz qalırlar. Xüsusilə korrupsiya ilə bağlı məsələləri araşdıran hakimlərə qarşı təzyiqlər baş verir. Nəticədə vətəndaşlar ədalət mühakiməsinin qərarına inamı itirirlər".