Vüsal Qasımlı: İqtisadi artım sürəti 4,8 faizə çatıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycanda iqtisadi artım tempi hər ay sürətlənir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu fikirləri qurumun icraçı direktoru Vüsal Qasımlı deyib.
Onun sözlərinə görə, 2021-ci ilin ilk 9 ayında Azərbaycanda ÜDM-in artım tempi 6,2 faiz böyüyən qeyri-neft sektorunun drayverliyi ilə 4,8 faiz qeydə alınıb. Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan iqtisadiyyatının bu il 3 faiz artmasını proqnozlaşdırır ki, bu da əvvəlki proqnozları üstələyir və milli iqtisadiyyata güvənin artmasını göstərir. Milli iqtisadiyyatın artım tempi həm BVF-nin, həm də Dünya Bankının proqnozlarını əhəmiyyətli şəkildə üstələyir. Artıq Azərbaycanda iqtisadi artım tempi “Dünya iqtisadi icmalı”nda Orta Şərq və Mərkəzi Asiya üçün proqnozlaşdırılan 4,1 faizlik həddi üstələyib.
Vüsal Qasımlı bunun əsas səbəbini yüksək sənayeləşmə tempində görür: “Azərbaycanda ÜDM istehsalının 40,1 faizi sənayenin payına düşür ki, bu da əhəmiyyətli dərəcədə çoxdur. Müqayisə üçün deyim ki, sənayenin ÜDM-də payı Mərkəzi Avropa və Baltik ölkələrində 27,2 faiz, Avrozonada 21,5 faiz və OECD ölkələrində isə 21,1 faizdir. Azərbaycanda sənayenin strukturunda da qeyri-neft-qaz sektorunun xüsusi çəkisi daha sürətlə artır. Azərbaycan dördüncü sənaye inqilabının tələblərinə uyğun inkişaf edir”, - deyə icraçı direktor qeyd edib.
V.Qasımlı post-konflikt quruculuğu, həmçinin tədiyə və icmal büdcə balanslarının profisiti şəraitində makroiqtisadi fundamentalların iqtisadi artımı stimullaşdırdığını bildirib. BVF-nin proqnozlarına əsasən, Azərbaycanın cari əməliyyatlar hesabının ÜDM-ə nisbəti 2021-ci ildə 7,8 faiz təşkil etməklə Orta Şərq və Mərkəzi Asiyanın eyniadlı göstəricisi - 1,7 faizdən əhəmiyyətli şəkildə üstün olacaq. Proqnozlara görə, Azərbaycan cari əməliyyatlar hesabının ÜDM-ə nisbəti göstəricisinə görə 2021-ci ildə Orta Şərq və Mərkəzi Asiya bölgəsində ilk üçlükdə qərarlaşacaq.
Azərbaycan post-neft dövrünə hazırlaşsa da, hazırda enerji bazarlarında yaşanan problemlərin fonunda neft-qaz ixracatçısı statusunu inamla qoruyur və ciddi təhdidlərlə üzləşmiş Avropanın enerji təhlükəsizliyində rolunu gücləndirir: “Dünyada təchizat zəncirlərində yaşanan problemlərin fonunda Azərbaycanın Şərq-Qərb dəhlizinin üzərində yeni bir arteriyanın - “Zəngəzur dəhlizi”ni gerçəkləşdirməsi təkcə ölkəmizin deyil, regionun iqtisadi artım potensialına töhfə verə bilər”, - deyə V.Qasımlı əlavə edib.