Vyetnamlılar Azərbaycan xalqının dəstəyini unutmur
Xo Şi Min, 10 noyabr, AZƏRTAC
Vyetnamlılar Azərbaycan xalqının dostluq və qonaqpərvərliyini, xüsusilə də ağır müharibə illərində Vyetnama dəstəyini unutmayıb.
Bu fikirlər Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanovun Xo Şi Min şəhərində yaşayan Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunları ilə görüşündə səslənib.
Səfir A.İmanov Azərbaycan tərəfinin vyetnamlı məzunlarla əməkdaşlığa böyük önəm verdiyini qeyd edib və onları iki ölkə arasında əlaqələrin inkişafında fəal iştiraka çağırıb.
Diplomat Prezident İlham Əliyevin ötən il Vyetnama səfəri çərçivəsində paytaxt Hanoyda məzunlarla görüşünü, həmçinin onun təşəbbüsü ilə cari ilin mayında vyetnamlı məzunların iştirakı ilə Bakıda Azərbaycan-Vyetnam dostluq forumunun keçirilməsini ölkələrimiz arasında əlaqələrin inkişafına dövlətimizin başçısının xüsusi diqqət və qayğısının göstəricisi olduğunu vurğulayıb.
Səfir cari ilin oktyabrında Hanoyda təsis edilmiş və üzvlərinin böyük əksəriyyəti məzunlardan ibarət olan Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin xalqlarımız və ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə çıxış edən məzunlar Azərbaycanı özləri üçün ikinci vətən hesab etdiklərini deyib, ölkəmizlə bağlı xoş xatirələrini bölüşüblər.
Bundan başqa, məzunların ölkələrimiz arasında əməkdaşlığın inkişafında rolunun genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, bir sıra təklif və təşəbbüslər irəli sürülüb.
Görüş müasir Azərbaycanın inkişafını özündə əks etdirən video çarxların nümayişi ilə başa çatıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Xo Şi Min