WARTSİLA AZƏRBAYCANDA FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
ŞİRKƏT BAKIDA YENİ OFİS VƏ ƏMƏLİYYAT SEXİ AÇMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyunun 5-də Finlandiyanın Wartsila şirkəti Bakıda yeni ofis və əməliyyat sexini açmışdır. Bu münasibətlə keçirilən mərasimdə şirkətin icraçı direktoru İsmo Haapala bildirmişdir ki, Azərbaycanda şirkət tərəfindən inşa edilən elektrik stansiyalarının və Xəzər dənizində Wartsila avadanlığı ilə təchiz olunmuş gəmilərin sayının artması nəticəsində yeni ofisə və əməliyyat sexinə ehtiyac yaranmışdı. İstifadəyə verilən yeni ofis və sex həm elektrik stansiyaları, həm də gəmiçilik sahəsi üzrə tammiqyaslı satışı və servisi yerindəcə təmin edəcəkdir. Yeni servis mərkəzi, həmçinin Orta Asiya üzrə regional ofis kimi xidmət göstərəcəkdir.
İcraçı direktor qeyd etmişdir ki, yerli təbii qazın elektrik stansiyaları üçün yanacaq kimi istifadəsi, neft-qaz resurslarının istehsalı və regionda iqtisadiyyatın ümumi yüksəlişi şirkətin Azərbaycanda inkişafına da mühüm təsir göstərir. Yeni servis mərkəzi Wartsilanın bu bazarlarda qalması və inkişaf etməsi məqsədini nümayiş etdirir.
Şirkətin regional direktoru Yan Edberts bildirmişdir ki, Wartsila Azərbaycanda artıq on ilə yaxındır ki, fəaliyyət göstərir. Bakıda Wartsilanın hazırda 59 nəfər əməkdaşı var. Onların sayının bu il 75 nəfərə qədər artması gözlənilir. Hazırda onlardan 43 nəfəri servis mərkəzində, qalanı isə Azərbaycanın müxtəlif elektrik stansiyalarında çalışır. Wartsilada əsasən yerli peşəkarlar işləyir, lakin onların hamısına beynəlxalq standartlar tədris olunmuşdur. Şirkət yeni iş yerləri təqdim edir.
Hazırda Azərbaycanda Wartsilanın 450 Mvt ümumi gücə malik beş elektrik stansiyası - Astara, Bakı, Xaçmaz, Naxçıvan və Şəkidə fəaliyyət göstərir. Şirkət, həmçinin Səngəçalda 300 Mvt və Qubada 104 Mvt gücə malik elektrik stansiyalarının inşasını da həyata keçirir.
Regional direktor bildirmişdir ki, yeni ofis və sex Xəzərin neft və qaz yataqlarında dəniz donanmasının daha səmərəli işləməsinə də dəstəyini təklif edir.
Rəmzi lent kəsildikdən sonra yeni ofis və sexlə tanışlıq olmuşdur.
######
