WUF13 Azərbaycanın beynəlxalq diplomatik şəbəkəsinin genişlənməsi üçün mühüm platformadır
Bakı, 15 may, AZƏRTAC
Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etməsi mühüm diplomatik nailiyyətdir. Bu tədbir yalnız şəhərsalma, ekologiya və ətraf mühit məsələlərinin müzakirəsi platforması deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq diplomatik şəbəkəsinin genişlənməsi baxımından da əhəmiyyətlidir. COP29 prosesində olduğu kimi, Azərbaycan bu platforma vasitəsilə yeni tərəfdaşlar və dostlar qazanır, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir. Bu, həm diplomatik gündəliyimizin, həm də xarici siyasət prioritetlərimizin inkişafına töhfə verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, ADA Universitetinin dövlət və xarici əlaqələr üzrə prorektoru Fariz İsmayılzadə Bakı Dövlət Universiteti (BDU) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində təşkil olunan “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, Azərbaycan hazırda Qarabağda, Cənubi Qafqazda davamlı sülhün təmin olunmasına xüsusi önəm verir: “Şəhərsalma və Qarabağın yenidən qurulması regionda davamlı sülhün möhkəmləndirilməsi üçün mühüm amillərdən biridir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma prosesi təkcə infrastruktur layihələri deyil, eyni zamanda, insanların öz doğma yurdlarına qayıdışı və yeni icmaların formalaşması deməkdir”.
O vurğulayıb ki, Qarabağın yenidən qurulması üzrə Azərbaycan təcrübəsi dünyada unikal model kimi dəyərləndirilə bilər: “Hazırda Azərbaycan hökuməti hər il Qarabağın bərpasına 4 milyard manatdan çox vəsait ayırır. Yeni məktəblər, yollar, yaşayış məntəqələri və sosial infrastrukturun yaradılması ilə yanaşı, müasir, ekoloji cəhətdən təmiz və “Ağıllı şəhər” konsepsiyaları tətbiq olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu proses Qarabağın yaşıl zona və dayanıqlı inkişaf məkanına çevrilməsini hədəfləyir”.