Özbəkistanlı ekspert: Qarabağda həyata keçirilən yenidənqurma və bərpa işləri qeyri-adi prosesdir
Bakı, 15 may, AZƏRTAC
Qarabağda həyata keçirilən yenidənqurma və bərpa işləri istənilən meyara görə qeyri-adi miqyaslı bir prosesdir. Demək olar ki, tamamilə dağıdılmış bir regionun bir neçə il ərzində yenidən qurulması və eyni zamanda, “Ağıllı şəhər” texnologiyalarının, bərpaolunan enerji sistemlərinin və mədəni irsin qorunmasının inteqrasiyası olduqca mürəkkəb vəzifədir.
Bunu AZƏRTAC-a müsahibəsində memarlıq və şəhərsalma sahəsində özbəkistanlı ekspert Azizbek Hakimov deyib.
Ekspert Zəngilanda yerləşən Ağalı kəndinin xüsusilə maraqlı nümunə olduğunu bildirib: “Ağıllı kənd” olan Ağalı layihəsi göstərir ki, münaqişədən sonrakı bərpa prosesi standart və sadə yaşayış blokları ilə məhdudlaşmamalıdır. Əksinə, burada dayanıqlılıq təməldən, yəni Günəş enerjisi, “ağıllı” infrastruktur, aqrar texnologiya parkları kimi elementlərlə yenidən qurulur. Şəhərsalma baxımından bu inteqrasiya olunmuş yanaşma diqqətəlayiqdir”.
Azizbek Hakimov vurğulayıb ki, Şuşanın bərpası da xüsusi qeyd olunmalıdır. “Bərpa işlərinin tarixi faktlara əsaslanaraq aparılması göstərir ki, şəhər identikliyi yalnız binalardan ibarət deyil, bu, yaddaş, davamlılıq və aidiyyət hissidir. Bu da ən vacib olan funksional şəhərsalma məsələsini gündəmə gətirir. Şəhər sadəcə evlər və yollar toplusu ilə məhdudlaşmır. O, yaşayış, ticarət, mədəniyyət və ictimai məkanların bir-biri ilə əlaqədə olduğu canlı bir sistemdir. İş yerləri, bazarlar, sosial infrastruktur və insanların spontan qarşılıqlı əlaqə qura biləcəyi məkanlar olmadan ən müasir yaşayış məntəqəsi belə ya sadəcə yataqxana tipli əraziyə çevrilə, ya da zamanla tərk edilə bilər. Bu baxımdan Qarabağ üçün əsas sual yalnız müasir infrastrukturun olub-olmaması deyil, yaradılan şəhər mühitinin, həqiqətən qarışıq funksiyalı, iqtisadi cəhətdən aktiv və gündəlik həyatın bütün tərəflərini dəstəkləyəcək şəkildə qurulub-qurulmadığıdır. Uzunmüddətli uğurun əsas göstəricisi isə fikrimcə, geri qayıdan insanların orada sadəcə yaşamaqla yanaşı, həm də işləmək və cəmiyyətin bir hissəsi olmaq imkanı ilə bağlıdır. Bu isə iqtisadi planlaşdırmanın məkan planlaşdırması ilə inteqrasiyasını tələb edir”, - deyə ekspert diqqətə çatdırıb.