İdris İsayev: İnsan kapitalına yatırım uzunmüddətli inkişafın əsas şərtidir
Bakı, 15 may, AZƏRTAC
Bu gün şəhərlərimiz yalnız insanların yaşadığı bir məkan deyil, eyni zamanda, böyük sənaye, təhsil, innovasiya, elmi, texnoloji mərkəzlərdir. Bu bütün prosesləri idarə edənlər də məhz insan kapitalıdır. Bu mənada insan kapitalına diqqət, insan kapitalının formalaşdırılması məsələsi daim aktual olaraq qalır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini İdris İsayev Bakı Dövlət Universiteti (BDU) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində təşkil olunan “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, hər bir cəmiyyətin inkişafı onun intellektual səviyyəsindən asılıdır: “Biz beynəlxalq təcrübəyə də diqqət yetirsək görərik ki, xüsusilə də inkişaf etmiş ölkələr elmə, təhsilə, innovasiyalara, texnologiyalara daha çox yatırım edirlər. Çünki bunun əhəmiyyətini anlayırlar və bu səbəbdən də bu ölkələr texnoloji baxımdan öndədirlər. Görünən budur ki, yalnız iqtisadi imkanlar iqtisadi inkişafı və cəmiyyətin inkişafını təmin etmir. Uzunmüddətli inkişafı təmin etmək üçün, ilk növbədə, təbii resurslardan əldə edilən gəlirlərin insan kapitalına, təhsilə, texnologiyalara yönəldilməsi zəruridir. Bu gün insan kapitalının formalaşdırılması ölkəmizin prioritet istiqamətlərindən biridir.