Gürcü ekspert: Azərbaycan regionda sülhün müəllifi və əsas təşəbbüskarı kimi çıxış edir
Tbilisi, 15 may, AZƏRTAC
Prezident İlham Əliyevin Zəngilanda verdiyi mesajlar Azərbaycanın regionda sülhün müəllifi və əsas təşəbbüskarı kimi çıxış etdiyini bir daha nümayiş etdirir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü ekspert-analitik Giya Abaşidze söyləyib.
O qeyd edib ki, müdrik bir lider kimi Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanı, xüsusilə də Cənubi Qafqazdakı siyasi və iqtisadi mühiti əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycanın yaratdığı yeni reallıqlar regional inteqrasiya baxımından xüsusi əhəmiyyət daşıyır. Nəqliyyat və logistika dəhlizlərinin əhəmiyyəti artıb, iqtisadi qarşılıqlı asılılıq daha da güclənib.
"Azərbaycan daha güclü regional aktora çevrilib, Türkiyə, Avropa İttifaqı, Mərkəzi Asiya ölkələri və digər aktorlarla fəal əməkdaşlıq edir. Nəticədə Cənubi Qafqaz daha multipolyar məkan halına gəlir", - deyə gürcü ekspert bildirib.
Giya Abaşidzenin sözlərinə görə, Zəngəzur dəhlizinin açılması və işğaldan azad edilmiş ərazilərin inteqrasiya prosesinə qoşulması çox mühüm iqtisadi əhəmiyyət kəsb edir. Bu addımlar nəqliyyat infrastrukturunun inkişafına, enerji və rəqəmsal kommunikasiya şəbəkələrinin genişlənməsinə, investisiyaların cəlbinə və Qarabağda məşğulluğun artmasına mühüm töhfə verəcək.