Respublika Narkoloji Mərkəzdə ötən il 42 min 624 nəfər qeydiyyatda olub
Bakı, 15 may, AZƏRTAC
Ümumiyyətlə bütün dünyaya baxdıqda narkotik asılılığı daha çox inkişaf etmiş ölkələrdə yayılıb. Lakin bəzi inkişaf etməmiş ölkələrdə də geniş istifadə müşahidə olunur. Azərbaycanda isə ümumi mənzərəyə nəzər salsaq, narkotik asılılığı ilə bağlı statistik göstərici aşağıdır. Mərkəzimizdə ötən il 42 min 624 nəfər qeydiyyatda olub. Bu şəxslər əsasən opioidlər, kannabinoidlər (marixuana, həşiş və digər vasitələr), həmçinin bir neçə maddəni birgə qəbul edənlərdir.
Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Respublika Narkoloji Mərkəzinin baş direktoru Fəzail Sadıqov deyib.
O qeyd edib ki, mərkəzdə qeydiyyata düşənlər əsasən iki qrupa bölünürlər. Birinci qrupa hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən şəxslər daxildir. Hansı ki, onlar inzibati xətaya və ya digər səbəblərdən ekspertizaya cəlb edilirlər. İkinci qrupa isə könüllü şəkildə müalicə üçün müraciət edən insanlar daxildir. “Mən 43 ildir, bu sahədə fəaliyyət göstərən həkim kimi deyə bilərəm ki, ölkəmizdə asılılıqla bağlı vəziyyət nəzarət altındadır. Həmçinin qeydiyyatda olan hər kəsi avtomatik olaraq “narkoman” kimi qiymətləndirmək də düzgün yanaşma deyil. Burada narkotik vasitədən istifadə müddəti də nəzərə alınmalıdır”,- deyə baş direktor bildirib.
Fəzail Sadıqov Respublika Narkoloji Mərkəzində qeydiyyatın dinamik xarakter daşıdığını bildirib. Onun sözlərinə görə, şəxslər qeydiyyata alınır və qanuni qaydalara əsasən qeydiyyatdan çıxarılırlar. Belə ki, beş il ərzində hər hansı narkotik vasitədən istifadə etməyən şəxslər qeydiyyatdan çıxarıla bilərlər. “Mərkəzimizin xidməti isə bütün ölkəni əhatə edir və respublika səviyyəsində fəaliyyət göstərir. Stasionar müalicə üçün 350 çarpayılıq xəstəxanadır. Həmçinin rayonlararası dispanserlər də mövcuddur. Müalicə almaq istəyən şəxslər ilk mərhələdə yaşadıqları ərazi üzrə bu dispanserlərə müraciət etməlidirlər. Dispanser isə istifadəçinin vəziyyəti ağırlaşdıqda onu mərkəzi müəssisəyə yönləndirir. Eyni zamanda, vətəndaşlar göndəriş əsasında birbaşa burada da müalicə ala bilərlər. Vacib məqamlardan biri isə müalicənin məcburi yox, könüllü olmasıdır. İstisna hallar isə konkret hüquqi əsaslarla bağlıdır. Şəxsə məhkəmə hökmü ilə məcburi müalicə təyin edilibsə, bu artıq onun şəxsi istəyindən asılı olmur. Belə hallarda məhkəmə qərarına əsasən 6 aydan 2 ilə qədər məcburi müalicə tətbiq oluna bilər. Bu prinsip həm ölkəmizdə, həm də dünyanın bir çox ölkəsində tətbiq edilir. Yaşı 18-dən aşağı şəxslərin məsuliyyəti isə valideynin və ya qanuni nümayəndənin üzərinə düşür”.
Qeyd edək ki, Respublika Narkoloji Mərkəzinin baş direktoru Fəzail Sadıqovun AZƏRTAC-a verdiyi müsahibə ilə bir qədər sonra tanış olmaq mümkündür.
Müxbir – Aytac Haqverdiyeva