Azərbaycan “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrini uğurla həyata keçirməyə qadirdir – Anar İsgəndərov VİDEO
Bakı, 15 may, AZƏRTAC
1859-cu ildə Bakıda cəmi 7 min nəfər yaşayırdı və həmin dövrdə Bakı şəhəri dedikdə əsasən bugünkü İçərişəhər nəzərdə tutulurdu. Elə həmin il baş verən Şamaxı zəlzələsindən sonra çar Rusiyası ilk dəfə Bakının şəhər kimi inkişafı və fəaliyyətinin təmin olunması istiqamətində müəyyən addımlar atmağa başladı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Bakı Dövlət Universiteti (BDU) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində təşkil olunan “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanı dünyaya yalnız qalib dövlət kimi tanıtmayıb, eyni zamanda, xalqın və Azərbaycan ziyalılarının böyük potensialını nümayiş etdirib: “Mənə elə gəlir ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarını uğurla həyata keçirməyə qadir olduğunu da göstərdi.
Bu gün Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsi Azərbaycanın dövlətçilik ənənələrinin və ölkənin beynəlxalq nüfuzunun nəticəsidir. Bu, hər birimiz üçün qürurverici hadisədir. Hesab edirəm ki, bugünkü konfransda da gələcək inkişafla bağlı mühüm məsələlər müzakirə olunacaq, mövcud boşluqların aradan qaldırılması üçün yeni yanaşmalar və təkliflər irəli sürüləcək”.