Sadiq Qurbanov: WUF13-ün Bakıda keçirilməsi Azərbaycana beynəlxalq etimadın göstəricisidir VİDEO
Bakı, 15 may, AZƏRTAC
Bu gün dünya qlobal çağırışlarla üz-üzədir. Ən ciddi problemlərdən biri də şəhərsalma məsələsidir. Dünya əhalisinin böyük hissəsi şəhərlərdə yaşayır, sənaye müəssisələrinin əksəriyyəti də məhz şəhərlərdə cəmləşib. Şəhərsalma həm də gələcəyə baxış deməkdir. Gələcəyin şəhərləri yalnız bu günün tələbatını deyil, gələcək nəsillərin təhlükəsiz və ekoloji cəhətdən sağlam mühitdə yaşamasını da təmin etməlidir. Məhz buna görə “dayanıqlı inkişaf” anlayışı ön plana çıxır və davamlı inkişaf edən şəhər modellərinin qurulması vacib sayılır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Bakı Dövlət Universiteti (BDU) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində təşkil olunan “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Azərbaycanın paytaxtı Bakıda keçirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə beynəlxalq etimadın göstəricisidir: “Yeni dünya nizamının formalaşdığı dövrdə Azərbaycanın gördüyü işlər artıq beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Dünya dövlətləri ölkəmizin bir çox sahələrdə apardığı ədalətli siyasəti qəbul edir. Azərbaycan təhlükəsiz və etibarlı tərəfdaş kimi beynəlxalq tədbirlərin, konfransların və dialoqların keçirilməsi üçün əlverişli məkan hesab olunur və bu təşəbbüslər dəstəklənir.
Ümummilli Lider Heydər Əliyev hələ sovet dövründə milli kadr hazırlığı siyasətinə xüsusi önəm verirdi. Bu gün Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında və inkişafında həmin kadrların mühüm rolu olub.
Şəhərsalmanın əsas amillərindən biri mədəniyyət faktorudur. Şuşada və Şərqi Zəngəzurda həyata keçirilən şəhərsalma layihələrinə nəzər saldıqda görürük ki, burada tarixi yaddaş və milli kimlik məsələləri müasir inkişaf konsepsiyası ilə ahəng təşkil edir. Bütün bunlar isə peşəkar və ixtisaslı kadrlara böyük ehtiyac yaradır”.