Dövlətxan Dövlətxanov: Yeni Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərin ümumi planı hazırlanıb
Bakı, 15 may, AZƏRTAC
Hazırda dünya əhalisinin yarısından çoxu şəhərlərdə yaşayır və urbanizasiya prosesi sürətlə davam edir. BMT-nin proqnozlarına əsasən, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizinin şəhərlərdə yaşayacağı gözlənilir. Bu proses iqtisadi artım, innovasiya və sosial inkişaf üçün mühüm imkanlar yaratmaqla yanaşı, mənzil və torpaq fondu, ictimai xidmətlərin əlçatanlığı, həmçinin ekoloji dayanıqlıq üzərində artan təzyiqləri formalaşdırır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov Bakı Dövlət Universiteti (BDU) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində təşkil olunan “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, dayanıqlı urbanizasiya getdikcə daha çox uğurlu planlaşdırmadan, dataəsaslı idarəetmə qərarlarından və uzunmüddətli strateji koordinasiyadan asılıdır: “İnsan kapitalının gücləndirilməsi yeni şəhər gündəliyinin və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinin əsas komponentlərindən birinə çevrilib. İnsan kapitalının formalaşması daimi bir prosesdir. Bu baxımdan universitetlərin və tədqiqat institutlarının rolu əhəmiyyətlidir. Ali təhsil müəssisələri yalnız akademik təhsil verən qurumlar deyil, həm də müvafiq siyasətin hazırlanması, innovasiya və tədqiqat proseslərinin əsas ocaqlarıdır. Bu kontekstdə dövlət qurumları ilə akademik dairələr arasında əməkdaşlıq şəhər idarəçiliyi sistemlərinin qurulması üçün mühüm əhəmiyyət kəsb edir”.
Komitə sədrinin müavini son onillik ərzində Azərbaycanın demoqrafik və iqtisadi artım, infrastrukturun inkişafı və ərazi planlaşdırılması islahatları ilə bağlı mühüm şəhər transformasiyası proseslərindən keçdiyini vurğulayıb: “Ərazi bütövlüyümüzün bərpasından sonra azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa proqramı başlanıb. 2022-ci ildən başlanmış “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” bu ilin sonunda başa çatır. Hazırda bu prosesin davamı olaraq II Dövlət Proqramının layihəsi müzakirə edilir. Yeni Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərin ümumi planı və 120-yə yaxın yaşayış məntəqəsinin ərazi planlaşdırılması sənədləri hazırlanıb. Azad edilmiş ərazilərdə icra olunan layihələr, o cümlədən “Ağıllı kənd” və “Ağıllı şəhər” prinsipləri nəzərə alınmaqla planlaşdırılmış yaşayış məskənləri, yalnız fiziki bərpa ehtiyaclarını qarşılamır, həm də dayanıqlıq və davamlılıq kimi uzunmüddətli məqsədlərə xidmət edir”.
Dövlətxan Dövlətxanov qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumu kimi platformalar bilik mübadiləsi və beynəlxalq əməkdaşlıq üçün mühüm imkanlar yaradır: “Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında qəbul ediləcək qərarlar şəhərlərin və icmaların gələcəyi ilə bağlı qlobal müzakirələrə töhfə vermək üçün mühüm bir fürsətdir. Dayanıqlı urbanizasiya yalnız investisiya və infrastruktur deyil, həm də institusional öyrənmə və uzunmüddətli insan kapitalı inkişafını tələb edir”.