Xaçmaz çimərlikləri tullantılardan təmizlənir
Xaçmaz, 11 iyun, Elxan Yusifli, AZƏRTAC
Yay mövsümünün gəlişi ilə əlaqədar Xaçmaz rayonunun turizm zonalarında yerləşən çimərliklərdə təmizlik işlərinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sahilboyu ərazilərin təmizlənməsinə mənzil-kommunal təsərrüfatı idarəsinin, yerli icra nümayəndəliklərinin və bələdiyyənin işçiləri, eləcə də gənc könüllülər cəlb olunublar.
Çimərliklərdə dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılıb, digər təmizlik işləri görülüb. Nəticədə Niyazabad kəndində və İstisu qəsəbəsinin sahil zolaqları məişət tullantılarından təmizlənib. Toplanan zibil qalıqlarının xüsusi texnikalarla daşınması təmin edilib.
Çimərlik mövsümünə kimi Nabran turizm zonası da daxil olmaqla, bütün sahil zolaqlarının tullantılardan təmizlənməsi nəzərdə tutulub.