Xaçmaz KOBİM iki rayonda yeni müəssisələrin yaradılması üçün məsləhət xidməti göstərib
Bakı, 17 noyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB inkişaf mərkəzləri tərəfindən sahibkarların təsərrüfatlarında və istehsal müəssisələrində də praktik təlimlər keçirilir, yerində məsləhət xidmətləri göstərilir.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, növbəti belə məsləhət xidməti Xaçmaz KOB İnkişaf Mərkəzi (Xaçmaz KOBİM) tərəfindən Xaçmaz və Qusar rayonlarında qida müəssisələrinin qurulması məqsədilə istehsal planının hazırlanması üçün təşkil olunub. Belə ki, Xaçmaz KOBİM-in mütəxəssisləri tərəfindən Xaçmaz və Qusar rayonlarında quru balıq istehsalı və ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələrinin normativlərə və müasir standartlara uyğun şəkildə qurulması üçün sahibkarlıq subyektlərinə zəruri məsləhətlər verilib, istehsalın yeni texnologiyalara uyğun təşkilinin məhsulların kəmiyyət və keyfiyyətinə təsiri sahibkarların diqqətinə çatdırılıb.
Müəssisələrin qurulması prosesində yenidən ehtiyac yaranarsa, Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən zəruri məsləhət xidmətləri davam etdiriləcək.