Xaçmazda Vətən müharibəsi şəhidi Orxan Çobanovun xatirəsi əbədiləşdirilib
Xaçmaz, 3 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Pirquluoba kəndində Vətən müharibəsi şəhidi, gizir Orxan Çobanovun xatirəsi əbədiləşdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə kənddə abidə-bulaq kompleksi inşa olunub.
Orxan Çobanov 1997-ci il avqustun 2-də Xaçmaz rayonunda dünyaya göz açıb. Əsgərliyini başa vurduqdan sonra Orxan müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Gizir Orxan Çobanov sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. O, göstərdiyi şücaətlərə görə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin işğaldan azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Bulağın açılış mərasiminin iştirakçıları əvvəlcə kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhid Orxan Çobanovun şərəfli həyat yolundan danışıb. Bildirilib ki, şərəfli döyüş yolu keçən Orxan və onun kimi şəhidlərin xatirəsi heç bir zaman unudulmayacaq.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.