XALÇA MUZEYİNDƏ SEMİNAR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Dövlət Xalça Muzeyində “Azərbaycanda xalça sənəti və mühafizə məsələləri” mövzusunda seminar keçirilmişdir.
Ölkəmizin müxtəlif bölgələrini təmsil edən mütəxəssislərin iştirak etdikləri tədbirdə boya laboratoriyalarının yaradılması, xalı idxalı və ixracı siyasətinin həyata keçirilməsi, dəstək proqramının yenidən işlənməsi, müsabiqələrin təşkili, naxışlardan ibarət kataloqların nəşri və sair məsələlər müzakirə olunmuşdur.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirmişdir ki, tarixi Tunc dövrünə gedib çıxan bu qədim sənətə maraq son dövrlərdə daha da artmışdır. Dünya muzeylərində saxlanılan xalçalarımız bəzən İran və Qafqaz xalçaları kimi təqdim olunur. Hazırda nazirlik belə halların qarşısının alınması üçün müvafiq tədbirlər görür. Fransanın Luvr muzeyi arasında əməkdaşlıq barədə protokol da imzalanmışdır. Əsas məqsəd odur ki, Luvr muzeyində nümayiş etdirilən Azərbaycan xalçaları ölkəmizin adı ilə təqdim olunsun.
Nazir müavini bildirmişdir ki, xalçalarımızın YUNESKO-nun Qeyri-maddi-mədəni irs siyahısına daxil edilməsi istiqamətində də işlər görülür.
Seminarda xalçaçı mütəxəssislərin fəaliyyətinin əlaqələndirilməsi məqsədilə ictimai birliyin yaradılması qərara alınmışdır.