MƏDƏNİYYƏT
Xalq Artisti Tofiq Quliyevə həsr olunmuş elmi konfrans və konsert







Bakı, 8 noyabr, AZƏRTAC
Noyabrın 8-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq Artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin 100 illiyinə həsr edilən elmi konfrans və kamera konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Prezident İlham Əliyevin görkəmli bəstəkarın 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncamına uyğun olaraq təşkil edilib.
Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək Tofiq Quliyevin milli musiqimizin inkişafındakı xidmətlərindən danışıb. İl ərzində yubilyarla bağlı silsilə tədbirlərin keçirildiyini qeyd edən natiq Bəstəkarlar İttifaqında onun rəhbərliyi altında uzun illər çalışmaqdan məmnunluğunu ifadə edib: “Hamımız çox xoşbəxtik ki, belə gözəl insanla ünsiyyətdə olmuşuq. O zaman ittifaqda çox gözəl tendem yaranmışdı - sədr Qara Qarayev, birinci katib Tofiq Quliyev. Onlar arasında çox gözəl iş birliyi, həmkar münasibət var idi. Tofiq müəllim təşkilatçı kimi Bəstəkarlar İttifaqının işini çox fəallaşdırmışdı. Heç də təsadüfü deyil ki, görkəmli bəstəkarımız Qara Qarayev həmişə onun məsləhətlərini böyük məmnunluqla qəbul edirdi. Onun gözəl insanlıq keyfiyyətləri melodiyalarında, ölməz mahnılarında yaşayır. Ona görə ki, bəstəkarın yazdığı melodiyalar, onun daxili dünyasının təcəssümüdür”.
Sonra sənətşünas alimlər böyük bəstəkarların yaradıcılığı ilə bağlı maraqlı elmi məruzələrlə çıxış ediblər.
Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Tofiq Quliyev adına 12 və G.G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəblərinin istedadlı şagirdlərinin ifasında bəstəkarın “Marş”, “Rəqs”, “Nağıl”, “Axşam mahnısı”, “Bakı haqqında nəğmə”, eləcə də “Bəxtəvər oldum” romansı, “Qızıl üzük” əsərləri səsləndirilib.