RƏSMİ XRONİKA
“XALQ BANK”IN NEFTÇALA FİLİALI İLƏ TANIŞLIQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 23-də Neftçala şəhərində “Xalq Bank”ın filialı ilə tanış olmuşdur. Prezident İlham Əliyev buradakı iş şəraiti ilə maraqlanmış, istifadə olunan müasir avadanlığa baxmışdır.
Prezidentə “Xalq Bank”ın Sumqayıt, Zaqatala və Neftçalada filiallarının, Naxçıvanda isə şöbəsinin olması barədə məlumat verilmişdir. Bildirilmişdir ki, filialda həm hüquqi, həm də fiziki şəxslərə müxtəlif bank xidmətləri göstərilir. Qeyd edilmişdir ki, müştərilər bankın köməyi ilə dünyanın yüzə yaxın ölkəsinə, o cümlədən MDB dövlətlərinə və əksinə qısa müddətə pul köçürmələri göndərə və qəbul edə bilərlər. Burada əmanətin müxtəlif növlərindən, depozit, bankomat, valyuta mübadiləsi və digər bank xidmətlərindən istifadə etmək üçün hər cür imkan vardır.