XALQ ŞAİRİ CABİR NOVRUZUN YAŞADIĞI BİNADA XATİRƏ LÖVHƏSİNİN AÇILIŞ MƏRASİMİ OLMUŞDUR
Əvvəlcə, önünə əklillər qoyulmuş xatirə lövhəsinin üzərindəki ağ örtük götürülmüşdür. Üzərində xalq şairinin barelyefi həkk olunmuş xatirə lövhəsinin aşağısında bu sözlər yazılmışdır: “Cabir Novruz bu evdə yaşamışdır”.
Tədbiri xalq yazıçısı Anar açaraq, Cabir Novruz haqqında ürək sözlərini demiş, onu çox istedadlı şair, vətənpərvər, xalqına bağlı yüksək mənəvi keyfiyyətlərə malik insan kimi səciyyələndirmişdir.
Milli Məclis sədrinin müavini Bahar Muradova, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xalq şairləri Söhrab Tahir və Fikrət Qoca, akademik Ziyad Səmədzadə, AMEA-nın müxbir üzvü Ağamusa Axundov xalq şairinin bütün həyatının, yaradıcılığının Azərbaycan xalqı, doğma yurdu ilə bağlı olduğunu diqqətə çarpdırmışlar. Bildirilmişdir ki, ötən əsrin 60-70-ci illərinin məşhur “Tələbə”, “Ey həyat, sən nə qəribəsən” mahnılarının sözləri məhz yaradıcılığı milli poeziya xəzinəmizə daxil olmuş Cabir Novruzundur və o, şeirlərində insanları həmişə yaxşılığa, təmizliyə səsləmiş, hər kəsi xalqına, millətinə saf vicdanla xidmətə çağırmışdır. Bədii sözü dəyərləndirən insanlar Cabir Novruz yaradıcılığını daim yüksək qiymətləndirəcək, onu uca tutacaqlar. Çıxışlarda Azərbaycanın söz, sənət tarixində Cabir Novruz ünvanının heç zaman unudulmayacağı vurğulanmışdır.
Sonda xalq şairinin ailəsi adından oğlu Vüqar Novruzov atasının xatirəsinə göstərilən yüksək diqqət və ehtirama görə Prezident İlham Əliyevə, mərasimin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirmişdir.