Xalqımız imperiyanın despotik idarəçiliyini, Azərbaycana qarşı ədalətsiz siyasətin daşıyıcısı olmasını həmişə nifrətlə xatırlayacaqdır
Bakı, 20 yanvar (AZƏRTAC). İyirmi dörd il bundan əvvəl 20 Yanvar Azərbaycan xalqının ağır günlərindən biri idi. Lakin bu gün isə həm də tariximizin qəhrəmanlıq səhifəsidir. Sözün əsl mənasında müstəqillik və azadlıq uğrunda mübarizə aparan xalq şübhəsiz, qan verməlidir, can verməlidir. Bu nöqteyi-nəzərdən də 20 Yanvar hadisəsini Azərbaycan tarixinin şanlı səhifələrindən biri adlandırmaq olar.
Bu sözləri Şəhidlər xiyabanına ziyarət edən tarix elmləri doktoru, professor Təvəkkül Səlimov AZƏRTAC-a müsahibəsində demişdir.
Bildirmişdir ki, azadlıq, müstəqillik uğrunda mübarizə aparan xalqa qarşı SSRİ hökumətinin belə bir amansız siyasəti də tarixin yaddaşında qalacaqdır. Xalqımız imperiyanın despotik idarəçiliyini, Azərbaycana qarşı ədalətsiz siyasətin daşıyıcısı olmasını həmişə nifrətlə xatırlayacaqdır.
Təvəkkül Səlimov 20 Yanvar faciəsindən keçən 24 ildə xalqımızın öz mübarizəsində, müstəqilliyinin qorunması yolunda daha şərəfli addımlar atdığını söyləmişdir. Bildirmişdir ki, qazandığımız nailiyyətlər o dövrün, xalqın keçdiyi qanlı-qadalı illərin nəticəsidir.
Şəhidlərimizə Allahdan rəhmət diləyirik!