Xan Şuşinskinin doğum günü münasibətilə videoslayd hazırlanıb
Bakı, 20 avqust, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi görkəmli xanəndə, Xalq artisti Xan Şuşinskinin anadan olmasının 119-cu ildönümü münasibətilə videoslayd hazırlayıb.
AZƏRTAC xəbər verir ki, videoslaydda Xan Şuşinskinin həyatından, yaradıcılığından bəhs edən şəkillər əks olunub.
Azərbaycan muğam sənətinin korifeylərindən, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri də Xan Şuşinskidir. Əsl adı İsfəndiyar olan böyük sənətkar 1901-ci il avqustun 20-də Qarabağın məşhur tayfalarından olan Cavanşir sülaləsinə mənsub Aslan bəyin ailəsində dünyaya göz açıb.
1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirir. Xanəndənin repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər də yer alır. Xan xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni çalarlar əlavə edir.
Xan Şuşinskinin öz mahnıları da var. Çox zaman xalq mahnıları kimi təqdim olunan “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a Ceyran bala” mahnılarının müəllifi Xan Şuşinskidir. “Şuşanın dağları” mahnısının musiqisi ilə yanaşı, sözləri də Xana məxsusdur. Mahnılarının, demək olar, hamısı bədahətən yaranıb.
Simfonik orkestrin müşayiəti ilə ilk dəfə simfonik muğamlarda solo hissəni Xan oxuyub. Musiqi tariximizdə ilk duet də böyük sənətkarın adı ilə bağlıdır. Şövkət Ələkbərova ilə Xan Şuşinskinin ifasında lentə alınan “Yaylıq” adlı bu duet indi də maraqla dinlənilir.
Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də mahnılarını Xan Şuşinskinin ifasında dinləməkdən xüsusi zövq alırmış.
Görkəmli xanəndə 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Muğam studiyası” yaradaraq gənc xanəndələrə muğamın sirlərini öyrədib. O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib, muğam ifaçılarının yeni nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərib.
İsfəndiyar Cavanşirov gənclikdə ona verilən “Xan” adının məsuliyyətini ömrünün sonunadək daşıyıb, Azərbaycan musiqisinin həqiqi Xanı olub.
Azərbaycan musiqi tarixinin əvəzolunmaz korifeyi Xan Şuşinskinin səsinin yadigarı kimi günümüzə onun cəmi 240 dəqiqəlik lent yazısı gəlib çatıb.
Xan Şuşinski 1979-cu ildə vəfat edib.
Videoslaydı izləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
https://www.instagram.com/tv/CEGPC92llE2/?igshid=l4atsorvt8zk