Xankəndi, Xocalı və Ağdərədə 20 abituriyent ali məktəbə qəbul olub
Xankəndi, 25 avqust, AZƏRTAC
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinə əsasən, Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonundan, ümumilikdə, 20 abituriyent ali məktəbə qəbul olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onların 9-u Xankəndi şəhəri, 6-sı Xocalı, 5-i isə Ağdərə rayonunun ümumtəhsil məktəblərinin məzunlarıdır.
İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən layihələr bu ərazilərdə təhsil imkanlarının genişləndirilməsinə xidmət edir. Yeni yaradılan və müasir standartlara uyğun inşa edilən təhsil ocaqları şagird və tələbələrin keyfiyyətli təhsil alması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradır. Hazırda işğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, müasir təhsil infrastrukturunun formalaşdırılması və gənclərin təhsilə çıxış imkanlarının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Xankəndi, Xocalı və Ağdərədən ali məktəblərə qəbul olan gənclərin nəticələri də bu ərazilərdə təhsil həyatının yeni mərhələsinin formalaşdığını göstərən mühüm göstəricilərdən biridir.