Azərbaycan və Özbəkistanın rəssamlıq ali məktəbləri əməkdaşlığı genişləndirir
Bakı, 25 avqust, AZƏRTAC
Azərbaycan Rəssamlıq Akademiyası Özbəkistanın ali təhsil və incəsənət müəssisələri ilə elmi, akademik və yaradıcı əməkdaşlığı genişləndirir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı, professor Natiq Əliyev bildirib. Rektorun sözlərinə görə, əməkdaşlıq qarşılıqlı təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, elmi və yaradıcı əlaqələrin genişləndirilməsi, eləcə də incəsənət təhsili sahəsində qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi istiqamətlərini əhatə edir. Azərbaycan Rəssamlıq Akademiyası ilə Kəmaləddin Behzad adına Özbəkistan Milli Rəssamlıq və Dizayn İnstitutu arasında əməkdaşlığın mühüm mərhələsi 2023-cü il sentyabrın 15-də başlayıb. Həmin tarixdə tərəflər arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə iki ali təhsil müəssisəsi arasında incəsənət və dizayn sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması, akademik əlaqələrin inkişaf etdirilməsi və birgə təşəbbüslərin reallaşdırılması üçün geniş imkanlar yaradıb. Rəssamlıq Akademiyasının Özbəkistanla institusional əlaqələrinin inkişafında növbəti mühüm addımlardan biri 2025-ci ilin noyabrında Rektorlar Şurasının yaradılması olub. Akademiyanın 25 illik yubileyi çərçivəsində təsis edilən Şuraya türk ölkələrinin incəsənət və rəssamlıq istiqaməti üzrə ali təhsil müəssisələrinin rəhbərləri daxil edilib. Şuranın üzvləri sırasında Özbəkistanın incəsənət təhsili müəssisəsi də yer alıb.
Rektorlar Şurasının yaradılması türkdilli dövlətlərin incəsənət təhsili müəssisələri arasında əlaqələrin institusional əsasda inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi baxımından yeni imkanlar açıb. Hazırda Azərbaycan Rəssamlıq Akademiyası ilə Özbəkistanın müvafiq ali təhsil müəssisələri arasında əməkdaşlığın yeni mərhələyə keçirilməsi istiqamətində işlər davam etdirilir. Cari semestrdən etibarən iki ölkənin incəsənət təhsili müəssisələri arasında yeni layihələrin həyata keçirilməsinə başlanılması nəzərdə tutulur. Yeni əməkdaşlıq mərhələsi çərçivəsində elmi və yaradıcı əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsi, müəllim və tələbələrin beynəlxalq təcrübə imkanlarının artırılması, eləcə də birgə yaradıcılıq və akademik layihələrin reallaşdırılması planlaşdırılır.
Natiq Əliyev qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında mövcud tarixi-mədəni əlaqələr, xalqlarımızın ortaq sənət irsi və türkdilli dövlətlər arasında mədəni əməkdaşlığın inkişafı incəsənət təhsili sahəsində əlaqələrin daha da genişləndirilməsi üçün mühüm zəmin yaradır.
Müxbir -Tünzalə Arazlı