Azərbaycanın cüdo millisi Vətənə iki medalla qayıdıb
Bakı, 25 avqust, AZƏRTAC
Ekvadorun Quayakil şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında iki medal qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb.
Cüdo Federasiyasından AZƏRTAC-a bildirilib ki, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyətinin nümayəndələri, media təmsilçiləri, federasiya rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.
Xatırladaq ki, Fərid Rzazadə (50 kiloqram) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Ayxan Həsənli (81 kiloqram) isə gümüş medala sahib çıxıb.
Azərbaycan millisi yarışı 1 qızıl və 1 gümüş medalla başa vuraraq 59 ölkə arasında oğlanların mübarizəsində dördüncü, ümumi medal sıralamasında isə beşinci yeri tutub.