XANLAR RAYONU HESABAT VERİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Xanlar rayonunda 2006-cı ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Arif Seyidovun hesabat məruzəsi dinlənilərək müzakirə edilmişdir. Müzakirələrdə rayon ağsaqqalı Novruz Novruzov, sahibkar Firudin Mahmudov, rayon paylayıcı elektrik şəbəkəsinin rəisi Səfiyar Musayev və başqaları çıxış edərək, bir il ərzində görülən işləri təhlil etmiş, qarşıda duran vəzifələrdən danışmışlar.
Qeyd olunmuşdur ki, keçən il əhalinin sosial-məişət problemlərinin həlli istiqamətində xeyli iş görülmüşdür. İl ərzində şəhərin görkəminə xələl gətirən qanunsuz tikililər sökülərək yerində müasir üslubda ticarət obyektləri tikilmişdir. 1985-ci ildən tikintisi yarımçıq qalmış 5 mərtəbəli inzibati bina tamamlanmış, qəza vəziyyətində olan 22 yaşayış evindən 4-ü əsaslı təmir edilmiş, qalanlarının dam örtüyü dəyişdirilmişdir. Rayon mərkəzində 14,2 kilometr uzunluğunda kanalizasiya xətti çəkilmişdir. Tikintisinə keçən il başlanılmış və şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulmuş 16 mənzilli yaşayış binasında tamamlama işləri görülür.
Hesabat dövründə rayonun özəl sənaye müəssisələrində 2 milyon 180 min manatlıq məhsul istehsal edilmişdir. Məhsul istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi 83 faiz olmuşdur ki, bu da respublika göstəricisindən 2 faiz çoxdur.
Rayonda sənaye müəssisələrinin və kənd təsərrüfatı məhsullarının emalı sahəsinin inkişaf etdirilməsi məqsədi ilə münbit şərait yaradılmış, aqrar-sənaye kombinatının bazasında “Aqrosənaye” Açıq Səhmdar Cəmiyyəti yaradılmış, 187 hektar sahədə yeni üzüm bağı salınmışdır.
Müşavirədə aqrar bölmənin, təhsil və səhiyyə sahələrinin inkişafından da söz açılmış, çatışmazlıqlar tənqid edilmişdir. Qeyd olunmuşdur ki, Xanlar şəhərində 5 saylı məktəb üçün 480 yerlik bina, 3 məktəbdə 240 yerlik 12 əlavə sinif otağı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Hacıməlik qəsəbəsində 100 yerlik, Kərəmli və Nadir kəndlərinin hər birində 200 yerlik məktəb binaları tikilmişdir. Bundan başqa, 16 kənd məktəbi üçün 800 yerlik əlavə sinif otaqları tikilmiş, 10 məktəbdə kompyuter otaqları yaradılmışdır.
Əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək məqsədi ilə Aşıqlı, Hacıqaya kəndlərində yeni feldşer-mama məntəqələri tikilib istifadəyə verilmiş, Yeni Zod kənd sahə xəstəxanası və mərkəzi rayon xəstəxanasının stasionar şöbəsi tamamilə yenidən qurulmuşdur. Bundan başqa, əhaliyə təcili tibbi yardım göstərilməsi üçün 2 ədəd avtomaşın alınmışdır.
Bildirilmişdir ki, rayon üzrə elektrik sayğaclarının quraşdırılması başa çatdırılmış, enerji haqlarının yığımı 60 faizi keçmişdir.
Xanlar rayonundan Milli Məclisə deputat seçilmiş Rövşən Rzayev seçicilərin ona ünvanladıqları sorğu və xahişlərin yerinə yetirilməsi üçün gördüyü işlər barədə məlumat vermişdir.
Respublikanın təhsil naziri Misir Mərdanov müşavirədə çıxış etmişdir.
Müşavirə iştirakçıları adındanölkə başçısı İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Müşavirənin işində Prezidentin İcra Aparatının məsul işçisi Canpolad Musayev iştirak etmişdir.