XANLARIN “KƏPƏZ” KOMANDASI BREYN RİNQ” İNTELLEKTUAL OYUNUNUN QALİBİ OLMUŞDUR
Gənclərin vətənpərvərlik tərbiyəsi klubları arasında “Breyn rinq” intellektual oyununun final mərhələsinin qalibi məlum olmuşdur.
AZƏRTAC xəbər verir ki, fevralın 20-də “Park İNN-Azərbaycan” mehmanxanasında zona birinciliklərində qalib gəlmiş 7 komandanın iştirakı ilə “Breyn rinq” intellektual oyununun final mərhələsi keçirilmişdir.
Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirmişdir ki, 2006-cı ildən başlayaraq respublikamızın bütün bölgələrində hərbi vətənpərvərlik klubları yaradılmağa başlanmışdır. Artıq “Breyn rinq” intellektual oyununun zona birinciliyinə yekun vurulmuşdur. Yarışın qalibi olmuş komandalar bu gün finalda üz-üzə gəlirlər.
Natiq vurğulamışdır ki, oyunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi Dövlət Proqramı” çərçivəsində keçirilir.
Nazir müavini demişdir ki, təmsil etdiyi qurum oyunun obyektiv keçirilməsinə nəzarəti və sualların hazırlanmasını “Atəşgah İntellektual Oyunlar Klubu” İctimai Birliyinə həvalə etmişdir.
Bildirilmişdir ki, final mərhələsində Şirvan zonası klublarının mübarizəsində Abşeron rayonunun “Abşeron”, Aran və Qarabağ bölgələri üzrə Beyləqan rayonunun “Mil”, Lənkəran-Astara zonasının komandaları arasında Biləsuvar rayonunun “Gənc vətənpərvər”, Quba-Xaçmaz regionu üzrə Dəvəçi rayonunun “Qartal”, Gəncəbasar bölgəsində Xanlar rayonunun “Kəpəz”, Şəki-Zaqatala zonası üzrə Oğuz rayonunun “Gənc vətənpərvərlər” və Bakı şəhəri klublarının yarışında Suraxanı rayonunun “Atəşgah” komandaları birincilik uğrunda mübarizə aparırlar.
İntellekt yarışmasının nəticələrinə görə birinci yeri “Kəpəz”, ikinci yeri “Qartal”, üçüncü yeri isə “Abşeron” komandaları tutmuşlar.
Qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.