Xaricdə təhsil arzusu onu investisiya sahəsinə apardı
Bakı, 1 sentyabr, AZƏRTAC
Mingəçevirdə başlayan təhsil yolu Rəvan Məmmədovu bu gün dünyanın nüfuzlu ali məktəblərindən birində təhsil almağa aparır. Onun uğur hekayəsinin ilk səhifələri 16 nömrəli tam orta məktəbi qırmızı nişanla başa vurması və 601 balla Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisasına qəbul olması ilə yazılıb. Universitetin ikinci kursundan SABAH qruplarında təhsilini davam etdirən Rəvan tələbəlik illərində yalnız akademik nəticələri ilə deyil, müxtəlif fəaliyyətlərdə iştirakı ilə də fərqlənib. Debat yarışları, rəsm və teatr müsabiqələri, poeziya tədbirləri və universitetin rəqs qrupunda iştirakı onun tələbəlik həyatının ayrılmaz hissəsinə çevrilib. İki dəfə TOP 15 təqaüdünün qalibi olması və 98.4 orta göstərici ilə fərqlənmə diplomu qazanması isə bu zəhmətin nəticəsi olub. O, Dövlət Proqramı ilə London İmperial Kollecində investisiya və sərvətlərin idarə edilməsi ixtisası üzrə təhsil alacaq.
AZƏRTAC-a müsahibəsində Rəvan Məmmədov Dövlət Proqramı ilə xaricdə təhsili almaq qərarından, universitet və ixtisas seçimindən danışıb. O bildirib ki, bakalavriat təhsili illərindən etibarən bu istiqamətdə araşdırmalar aparıb və Dövlət Proqramının yaratdığı imkanları öyrəndikcə qərarı daha da dəqiqləşib: “Dövlət Proqramı ilə daha yaxından tanış oldum və bunun mənim üçün uyğun seçim olduğunu anladım. Çünki həm dünyanın nüfuzlu universitetlərindən birində təhsil almaq, həm də Azərbaycana qayıtdıqdan sonra qazandığım bilik və təcrübə ilə ölkəmə töhfə vermək imkanım olacaqdı. Bu seçimdə London İmperial Kollecinin də böyük rolu oldu. QS 2026 reytinqində dünyanın ən yaxşı iki universitetindən biri olması bu ali məktəbi mənim üçün ən uyğun seçimə çevirdi. Burada investisiya və sərvətlərin idarə edilməsi üzrə magistr proqramında təhsil alacağam. İxtisas seçimim də təsadüfi deyil. İnvestisiyaya marağım daha əvvəldən olsa da, üçüncü kursda bu sahənin mənim üçün gələcək karyera istiqaməti olduğunu daha aydın dərk etdim. Bundan sonra investisiya üzrə müxtəlif sertifikatlar almağa, biliklərimi artırmağa və kiçik investisiyalar etməyə başladım. Sahəni praktik şəkildə öyrəndikcə marağım daha da dərinləşdi. Düşünürəm ki, London İmperial Kollecində alacağım təhsil bu marağımı peşəkar bilik və bacarıqlara çevirmək üçün mühüm imkan yaradacaq”.
Qarşıdakı mərhələdə Rəvanın əsas məqsədi əldə edəcəyi beynəlxalq təcrübəni Azərbaycanda tətbiq etməkdir. O, ölkəyə qayıtdıqdan sonra investisiya sahəsində çalışmaq, xüsusilə alternativ investisiyalar və özəl şirkətlərə sərmayə qoyuluşu (private equity) istiqamətində fəaliyyət göstərməklə maliyyə sektorunun inkişafına töhfə vermək istəyir. Eyni zamanda, investisiya sahəsinə maraq göstərən gənclərə mentorluq etməyi planlaşdırır. Rəvan hesab edir ki, Dövlət Proqramının ən mühüm üstünlüklərindən biri istedadlı gənclərə maddi imkanlarını deyil, təhsil və karyera məqsədlərini əsas götürərək seçim etmək şəraiti yaratmasıdır.
Müxbir - Nərmin Muradzadə