XARİCİ İŞLƏR NAZİRİ YUNANISTANIN VƏ ÖZBƏKİSTANIN AZƏRBAYCANDAKI SƏFİRLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 14-də ölkəmizdəki fəaliyyətinin bitməsi ilə əlaqədar olaraq Yunanıstanın respublikamızdakı səfiri Merkurios Karafotias və Özbəkistanın Azərbaycana yeni təyin olunmuş səfiri İsmatill Erqaşev ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycandakı fəaliyyəti dövründə ölkəmizdə ona göstərilən diqqətə görə təşəkkürünü bildirən səfir Merkurios Karafotias, Yunanıstanla Azərbaycan arasında əlaqələrin inkişafına çalışdığını diqqətə çatdırmışdır. Ölkələrimiz arasında münasibətlərin gələcəkdə də uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirən Merkurios Karafotias, Azərbaycana yeni təyin olunacaq səfirin bu istiqamətdə çalışacağına əmin olduğunu söyləmişdir.
Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında münasibətlərin inkişafı istiqamətində səfirin göstərdiyi səyləri yüksək qiymətləndirmiş, Yunanıstan Prezidentinin respublikamıza səfərinin Azərbaycan-Yunanıstan əməkdaşlığının inkişafına müsbət töhfə verdiyini vurğulamış və demişdir ki, bu əməkdaşlıq gələcəkdə də uğurla davam etdiriləcəkdir.
Özbəkistan diplomatı İsmatill Erqaşev ilə görüşdə Elmar Məmmədyarov onu ölkəmizə yeni səfir təyin olunması münasibətilə təbrik edərək, Azərbaycan və Özbəkistan arasındakı hərtərəfli əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əmin olduğunu diqqətə çatdırmışdır.
Ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi, əməkdaşlığın bütün sahələrdə uğurla aparılmasından ötrü bütün mövcud imkanlardan istifadə edəcəyini bildirən səfir İsmatill Erqaşev, Özbəkistan-Azərbaycan iqtisadi əlaqələrinin daha da inkişafı üçün çalışacağını söyləmişdir.
Hər iki görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması prosesi barədə qonaqlara ətraflı məlumat verən nazir, münaqişənin beynəlxalq hüquq normaları əsasında həllinə dair Yunanıstan və Özbəkistanın nümayiş etdirdiyi mövqeyə görə təşəkkürünü bildirmişdir.
Görüşlərin sonunda hər iki səfirə gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayan xarici işlər naziri, Özbəkistan səfirinin etimadnaməsinin surətini qəbul etmişdir.