XARİCİ ÖLKƏLƏRDƏ YAŞAYAN SOYDAŞLARIMIZ YANVAR FACİƏSİNİ DAİM XATIRLAYIRLAR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan diaspor təşkilatları müstəqilliyimiz uğrunda canlarından keçən yüzlərlə qəhrəman oğullarımızın qanlı yanvarda sovet imperiyasının rəhbərlərinin əmri ilə qətlə yetirilməsini hər il dərin hüznlə yad edirlər. Ümumxalq hüzn günündə həmvətənlərimiz yiğcam yaşadıqları regionlarda müxtəlif səpkili tədbirlər keçirərək, həmin ölkələrin ictimaiyyətinə imperiya azğınlıqları və vəhşilikləri barədə məlumatlar verirlər. Mərasimlərdə törədilən faciələrlə bağlı Dövlət Komitəsi tərəfindən göndərilmiş və özlərinin əldə etdikləri foto, audio materiallar nümayiş etdirilir, məlumatlar yerli mətbuat səhifələrində dərc olunur.
Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Rusiya Azərbaycanlılarının Milli Mədəni Muxtariyyatı da 15 il bundan əvvəl xalqımızın başına gətirilən müsibətləri yaxşı xatırlayır, günahsız insanları ağır tankların tırtılları altında əzib məhv edən qansız, qəddar ordunun törətdiyi müsibətləri heç zaman unutmur, ümumxalq hüzn gününü hər il anmaqla gənc nəslə 15 il əvvəl sovet imperiyasının törətdiyi cinayətlər haqqında danışırlar.
Həmvətənlərimiz bilirlər ki, hər bir azərbaycanlının qan yaddaşında dərin iz qoymuş həmin faciəni törədən sadə rus xalqı deyil, sovet imperiyası olmuşdur. Ona görə də heç bir azərbaycanlının qəlbində böyük rus xalqına qarşı kin yoxdur. Bu cür qanlı faciə 1905-ci il yanvarın 9-da sadə rus xalqının da başına gətirilmişdi. Odur ki, Rusiyada yaşayan bütün soydaşlarımız rus xalqı ilə tarixi və qədim dostluğu daim qoruyub saxlamaq yönündə çalışır və inanırlar ki, bu dostluq daimi və əbədi olacaqdır.