Xatırlamaq ağırdır, unutmaq isə mümkün deyil
Vaşinqton, 25 fevral, AZƏRTAC
Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar ABŞ-ın "Jewish Journal" nəşrində faciənin sanki möcüzə sayəsində sağ qalmış şahidi Dürdanə Ağayevanın "Xocalı qırğınında sağ qalaraq: xatırlamaq ağırdır, unutmaq isə mümkün deyil" sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, müəllif bir neçə il əvvəl Xocalı qırğını və Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə fikirlərini bölüşmək üçün Los-Ancelesdə yəhudi icmasının liderləri və üzvləri ilə görüşdüyünü yazır. Dürdanə Ağayeva qeyd edir ki, o zaman Ermənistan ordusu tərəfindən əsir götürülmüş 20 yaşlı əsir qız kimi "işgəncə düşərgəsində" keçirdiyini unutmaq üçün indi hər şeyindən keçərdi.
"Biz 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçılarının dinc əhaliyə, o cümlədən kişilərə, qadınlara, uşaqlara, qocalara divan tutmasını, 613 nəfəri vəhşicəsinə öldürməsini yadda saxlamalıyıq. Biz hər yerə səpələnmiş uşaq cəsədlərini və bu itkidən heç vaxt özünə gəlməyəcək ailələri unutmamalıyıq", - yazan müəllif faciəli gecəni xatırlayır. Onun sözlərinə görə, ermənilər istəyirdilər ki, dünya Ermənistan ordusunun vəhşiliklərini yaddan çıxarsın. Buna yol vermək olmaz.
Dürdanə Ağayeva məqalənin sonunda yazır ki, haqq-ədalət öz yerini tapmayınca və dinc əhalinin öldürülməsində təqsiri olanlar layiqli cəzalarına çatmayınca, o, Xocalı həqiqətlərini dünyaya yaymaqda davam edəcək.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton