Xətai rayonunda avtomobilləri qaçırmaqda şübhəli bilinən şəxslər yaxalanıblar
Bakı, 11 yanvar, AZƏRTAC
Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə “UPD” qəsəbəsi ərazisindən E.Əliyevin “VAZ-2104” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Ramazanov dərhal başlanılan əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Axtarış zamanı ondan 3 qrama yaxın heroin götürülüb.
Araşdırmalarla onun F.Məmmədova məxsus “Reno” markalı avtomobildən oğurluq etməsi və bu hadisələri Bakı şəhər sakini B.Cəlilov və Ağdam rayon sakini Ş.Nəcəfov ilə birgə törətməsi müəyyənləşdirilib. B.Cəlilov və Ş.Nəcəfov da polis əməkdaşları tərəfindən saxlanılıblar. Axtarış zamanı B.Cəlilovda 3 qrama yaxın, Ş.Nəcəfovda isə 4 qrama yaxın heroin aşkarlanıb.
Həmin şəxslərin Q.Pirəliyevin “VAZ-2106” markalı avtomobilini qaçırmaları da müəyyənləşdirilib. E.Əliyevə məxsus avtomobil Hövsan qəsəbəsində tapılıb.