Xətai rayonunda tibbi müayinə mütəşəkkil qaydada davam edir
Bakı, 1 mart, AZƏRTAC
Əhalinin sayına görə paytaxtın ən böyük rayonu olan Xətai rayonunda fəaliyyət göstərən bütün səhiyyə ocaqları ən son texnologiyalara uyğun, müasir tibbi avadanlıqlarla təchiz edilib. Xidmətin bu cür təşkili sakinlərin lazımı qaydada müayinədən keçməsinə və ötən ayın 12-dən başlanılan ölkə üzrə müayinə tədbirlərinin mütəşəkkilliklə keçirilməsinə imkan verir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, aksiya çərçivəsində yüksək ixtisaslı tibb mütəxəssislərindən ibarət həkim briqadaları əsaslı səbəblərdən müayinəyə gələ bilməyən sakinlərin yaşadıqları evlərə, eləcə də təşkilat və müəssisələrə üz tutaraq səyyar müayinələr həyata keçirirlər.
Rayon ərazisində yerləşən 6, 7, 28 və 38 nömrəli poliklinikalarında, 22 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında və Zığ Sağlamlıq Mərkəzində tibbin müxtəlif sahələri üzrə-rentgen, ultrasəslə müayinə, stomatoloq, terapiya və digər növ müayinələrdən keçir, ehtiyacı olanlara ambulator və stasionar müalicə xidməti göstərilir.
Ümumilikdə gün ərzində 200-dən çox rayon sakininin sağlamlıq vəziyyəti öyrənilir və onlara lazımı yardımlar göstərilir. İndiyədək minlərlə sakin həkimlərin müayinəsindən keçib.