Xeyirxahlığın və böyük dövlətçilik məsuliyyətinin ünvanı
Bakı, 25 avqust, AZƏRTAC
Bəzən bir insanın ömrünü yaşadığı illərdən daha çox, toxunduğu talelər, qəlblərdə oyatdığı ümid və Vətənə bəxş etdiyi xidmət mənalandırır. Belə insanlardan biri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevadır. Birinci xanımın həyat və fəaliyyət yoluna nəzər salanda Azərbaycan qadınının zəngin mənəvi dünyası, yüksək ziyalılığı, dövlətçilik düşüncəsi və insana həssas münasibəti bir obrazda birləşir. Onun uzun illəri əhatə edən fəaliyyətinin əsasını Azərbaycan dövlətinə və xalqına xidmət, milli-mənəvi dəyərlərimizin qorunması, mədəni irsimizin dünyada təbliği, təhsilə və səhiyyəyə, sosial qayğıya ehtiyacı olan insanlara dəstək təşkil edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvü, Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri, publisist Zərifə Quliyeva deyib.
O xatırladıb ki, ziyalı ailəsində böyüyən, yüksək təhsil alan Mehriban Əliyeva əmək fəaliyyətinə tibb sahəsində başlayıb. Sonrakı illərdə onun fəaliyyəti geniş ictimai və humanitar miqyas qazanıb. 2004-cü ildən Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və tarixi irsin qorunması istiqamətində mühüm layihələr həyata keçirilib. 2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması isə onun dövlətçilik fəaliyyətində yeni və məsuliyyətli mərhələ açıb. Bu fəaliyyətin əsl dəyəri insanların həyatında, onların sevincində, ümidində və minnətdarlığında görünür. Yeni məktəbdə təhsil alan uşağın sevincində, sağlamlığına qovuşan insanın duasında, bərpa olunan tarixi abidənin hər daşında, Azərbaycan muğamının dünyanın mötəbər səhnələrində səslənməsində, şəhid ailələrinə göstərilən diqqətdə, Qarabağda yenidən həyat tapan dini və mədəni abidələrimizdə bu böyük xidmət yolunun izləri yaşayır. Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanda xeyriyyəçilik və sosial məsuliyyət ənənələrinə yeni miqyas qazandırıb. Fondun həyata keçirdiyi layihələrin mərkəzində insan amili dayanıb. Uşaqların təhsili, insanların sağlamlığının qorunması, milli mədəniyyətimizin yaşadılması, tarixi irsimizin gələcək nəsillərə çatdırılması, həssas sosial qruplara göstərilən diqqət bu fəaliyyətin mühüm istiqamətlərini təşkil edib.
“Mehriban xanım Əliyevanın şəxsiyyətində mənim bir Azərbaycan qadını olaraq xüsusi ehtiramla qarşıladığım cəhətlərdən biri də zərifliklə iradənin, mərhəmətlə məsuliyyətin bir-birini tamamlamasıdır. Azərbaycan qadını əsrlər boyu ailəsinin, ocağının, milli-mənəvi dəyərlərinin qoruyucusu olub. Tariximizin ən çətin dövrlərində qadınlarımız iradəsi, müdrikliyi, sədaqəti və fədakarlığı ilə seçilib. Mehriban xanım Əliyeva bu böyük ənənəni müasir Azərbaycan qadınının ictimai-siyasi obrazında uğurla yaşadır. Onun insanlarla ünsiyyətindəki səmimiyyət xüsusi təsir bağışlayır. Bir uşağın qarşısında əyilib onunla göz-gözə danışmaq, şəhid anasının əlindən tutmaq, yaşlı insanın sözünü diqqətlə dinləmək, qayğıya ehtiyacı olan ailənin yanında olmaq böyük mənəvi mədəniyyətin ifadəsidir. Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinə münasibəti də onun fəaliyyətinin mühüm səhifələrindən birini təşkil edir. Muğamın qorunması və dünyada tanıdılması, milli musiqimizin, incəsənətimizin, ədəbiyyatımızın təbliği, tarixi və dini abidələrimizin bərpası xalqın yaddaşına və mənəvi irsinə göstərilən yüksək ehtiramın ifadəsidir”, - deyə YAP Veteranlar Şurasının üzvü əlavə edib.
Z.Quliyeva qeyd edib ki, bu gün həmin fəaliyyətin ən qürurverici ünvanlarından biri Qarabağ və Şərqi Zəngəzurdur. Tarixi Zəfərimizdən sonra azad olunmuş torpaqlarda aparılan genişmiqyaslı quruculuq işləri ilə yanaşı, milli-mənəvi irsimizin dirçəldilməsi də mühüm əhəmiyyət daşıyır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə məscidlərin, tarixi-mədəni abidələrin və mədəniyyət ocaqlarının bərpası Qarabağın mənəvi həyatına yeni nəfəs gətirib. Şuşada yenidən səslənən musiqi, həyata qaytarılan tarixi abidələr, bərpa olunan müqəddəs məkanlar xalqımızın yaddaşı ilə bu günü arasında möhkəm mənəvi körpü yaradır. Bu mənzərə həm də uzun illərin həsrətindən sonra milli ruhun öz doğma ünvanına qayıdışının rəmzidir.
“Mehriban xanım Əliyevanın fəaliyyətində Azərbaycan qadınının müasir dünyaya təqdim olunan parlaq simasını görürük. Ailəsinə bağlı xanım, ana, nənə, ziyalı, ictimai-siyasi xadim və yüksək dövlət məsuliyyəti daşıyan şəxsiyyət... Bu missiyaların hər birini ləyaqətlə daşımaq böyük daxili güc, mənəvi zənginlik və Vətən sevgisi tələb edir. İllər keçir, görülən işlər tarixə çevrilir. İnsanların qəlbində isə göstərilən diqqət, bəxş edilən ümid, bir uşağın sevincinə çevrilən qayğı, bir ananın duasına səbəb olan xeyirxahlıq yaşayır. İnsan ömrünün ən böyük dəyəri də elə budur – xalqına xidmət etmək, insanların yaddaşında xoş əməlləri və xeyirxah adı ilə qalmaq”, - deyə o əlavə edib.