Bakıda keçiriləcək çimərlik güləşi yarışlarının azərbaycanlı hakimləri müəyyənləşib
Bakı, 24 avqust, AZƏRTAC
Avqustun 27-29-da “Sea Breeze” istirahət mərkəzində keçiriləcək çimərlik güləşi üzrə beynəlxalq yarışları idarə edəcək azərbaycanlı hakimlər müəyyənləşib.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, avqustun 27-də təşkil olunacaq U-17 dünya çempionatında Azərbaycanı milli dərəcəli hakimlər Rəvan Rəcəbov və Ceyla Nağızadə təmsil edəcəklər. Hər iki hakim yarışda ədaləti qorumaqla yanaşı, beynəlxalq kateqoriyalı hakimlik statusu əldə etmək üçün imtahandan da keçəcəklər.
Avqustun 28-29-da keçiriləcək Dünya Seriyasının IV mərhələsində isə I-S dərəcəli hakimlər Asif Şirəliyev, Sədi Quliyev və Bəşir İsazadə iş başında olacaqlar.
Qeyd edək ki, U-17 dünya çempionatında ümumilikdə 20, Dünya Seriyasının IV mərhələsində isə 13 hakim ədaləti qoruyacaq.