Fransada irqçiliyə yol verən hərbçilərlə bağlı araşdırma başlayıb
Paris, 24 avqust, AZƏRTAC
Fransa ordusunun bir qrup hərbçisi ağdərililəri müdafiə edən dairələrdə simvola çevrilmiş keçmiş Rodeziya bayrağı ilə fotoşəkillərinin sosial şəbəkələrdə yayılmasından sonra intizam proseduru ilə üzləşib.
AZƏRTAC xəbər verir ki, “Mediapart” nəşrinin məlumatına görə, sosial şəbəkələrdə yayılan fotolardan sonra onların barəsində intizam araşdırması başladılıb.
Nəşrin məlumatına əsasən, iki ayrı fotoşəkildə fransız hərbçilər ağ və yaşıl rəngli keçmiş Rodeziya bayrağı ilə görünürlər. Fotolardan birində Fransanın cənubundakı Nim şəhərində yerləşən 2-ci Xarici Piyada Alayının 6 hərbçisi kazarmada görüntülənib. Digər fotoda isə 4 fransız hərbçi Birləşmiş Ərəb Əmirliklərində keçirilən təlim zamanı tankın qarşısında həmin bayraqla görünürlər.
Fransanın Silahlı Qüvvələr Nazirliyi fotolardakı hərbçilərin müəyyən edildiyini və qüvvədə olan qanunvericiliyə uyğun olaraq, ciddi intizam cəzaları ilə nəticələnə biləcək prosedurun başladıldığını açıqlayıb. Bildirilib ki, Fransa ordusunun mövqeyi birmənalıdır və silahlı qüvvələr irqçi, ağdərililərin üstünlüyünü müdafiə edən və ya ekstremist xarakterli heç bir halı qəbul etmir.
Qeyd edək ki, Rodeziya indiki Zimbabvenin əsas hissəsini əhatə edən ərazinin adıdır. 1965-ci ildə ağdərili azlığın rəhbərlik etdiyi Cənubi Rodeziya hökuməti Böyük Britaniyadan ayrılıb və müstəqilliyini elan edib.
Son onilliklərdə Rodeziya ilə bağlı simvollar ağdərililəri müdafiə edən qruplar tərəfindən, xüsusilə sosial şəbəkələrdə yenidən istifadə olunmağa başlayıb.
“Mediapart”, həmçinin 2015-ci ildə Amerika Birləşmiş Ştatlarının Cənubi Karolina ştatının Çarlston şəhərində afroamerikalılara məxsus kilsəyə hücum edərək, 9 nəfəri öldürən Dilann Rufun da Rodeziya ilə əlaqəli simvollardan istifadə etdiyini xatırladır. Nəşrdə bu simvollardan Fransadakı bəzi dairələrdə də istifadə olunduğu diqqətə çatdırılır.