Bişkekdə kibertəhlükəsizlik festivalı olacaq
Bakı, 24 avqust, AZƏRTAC
Bu il sentyabrın 22-də Qazaxıstanın paytaxtı Bişkekdə “Jaştık Arena”da “CYBERNOMAD FEST 2026” keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi tərəfindən təşkil olunan “CYBERNOMAD FEST 2026” aktual kibertəhdidlərin müzakirəsi, praktiki təcrübə mübadiləsi və ölkənin rəqəmsal dayanıqlığının gücləndirilməsi istiqamətində yanaşmaların hazırlanması üçün platforma olacaq.
“24.kg” portalı yazır ki, festivalda dövlət orqanlarının, kritik informasiya infrastrukturunun subyektlərinin, bank və maliyyə təşkilatlarının, telekommunikasiya və IT şirkətlərinin, təhsil müəssisələrinin, beynəlxalq təşkilatların və peşəkar ictimaiyyətin nümayəndələri də daxil olmaqla, 700-dən çox iştirakçının bir araya gələcəyi gözlənilir.
“CYBERNOMAD FEST 2026”nın əsas məqsədi Qırğızıstanın kiberdayanıqlığının gücləndirilməsi, mütəxəssislərin praktiki bacarıqlarının inkişaf etdirilməsi, dövlət, biznes, ekspert və akademik ictimaiyyət arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün milli platforma yaratmaqdır”, - deyə Dövlət Milli Təhlükəsizlik Komitəsindən bildiriblər.
Qeyd olunub ki, proqramda ixtisaslaşmış kiberpoliqon bazasında keçiriləcək praktiki kibertəlimlər xüsusi yer tutacaq. İştirakçılar kiberhücumları modelləşdirəcək və onların qarşısını alacaq, insidentləri təhlil edəcək və onlara cavabvermə mexanizmlərini sınaqdan keçirəcəklər.
Festivalda 50-dən çox komandanın iştirakı planlaşdırılır. Onlardan 10 ən yaxşı komanda final mərhələsinə vəsiqə qazanacaq.